DAŞKƏSƏNDƏ FİZİKİ AKTİVLİYƏ DAİR MAARİFLƏNDİRİCİ MATERİALLAR PAYLANIB
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.1-ci, 3.3.7.2-ci və 3.3.7.3-cü bəndlərinə uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə, rayon ərazisində yeniyetmələrə və gənclərə fiziki aktivlik barədə maarifləndirici bukletlər paylanıb.
Görüşlərdə bildirilib ki, fiziki aktivlik əzələlər vasitəsilə yerinə yetirilən və enerji sərf olunan hər hansı bədən hərəkətidir. Fiziki hərəkətsizlik xroniki xəstəliklərin yaranmasının risk amilidir. Passiv həyat tərzi keçirənlər fiziki aktivliyin mövcud səviyyəsindən başlayaraq məşğələlərin müddəti, tezliyi və intensivliyini tədricən artırmalıdırlar.
Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.
Bədəndə skelet əzələlərinin enerji sərfini tələb edən hər hansı bir hərəkət fiziki aktivlik hesab edilir. Fiziki aktivlik dedikdə təkcə qaçış və ya sürətlə qaçış, velosiped sürmək, aerobika və digər idman məşqləri deyil, həm də gündəlik aktivlik, məsələn, sürətli gəzinti, pilləkənlərlə qalxmaq və enmək, ev işlərinin görülməsi, rəqs etmək və digər aktiv əyləncələr nəzərdə tutulur.
Fiziki aktivlik əzələləri, xüsusilə ürək və tənəffüs sistemi əzələlərini, sümükləri möhkəmləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır, yüksək qan təzyiqi (hipertoniya), ürəyin işemik xəstəlikləri, beyin insultu, şəkərli diabet, süd vəzi və yoğun bağırsaq xərçəngi və depressiyanın yaranma riskini azaldır, yıxılma, həmçinin boyun, qalça, onurğa zədələnmələri riskini azaldır, enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini