DAŞKƏSƏNDƏ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ TƏMİZLİK AKSİYASI KEÇİRİB
İyunun 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun Xoşbulaq kəndi ərazisində təmizlik aksiyası baş tutub.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısını almaq, tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması barədə əhalinin maarifləndirilmək, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək olub.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri Orxan Abbasov, Elmin Paşayev, 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, gənc könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tullantıları çeşidləyərək toplayıb və ərazidən daşınmasını aparıblar.
Unutmamalıyıq ki, ətraf mühiti qorumaq, təbiətə qayğı ilə yanaşmaq vətəndaş olaraq hər birimizin borcudur. Bir daha da hər kəsi ətraf mühitə və təbiətə həssas yanaşmağa çağırırıq.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini