Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yeniyetmə və gənclərin əl işləri sərgi-satış yarmarkası keçirilib

07 yanvar 2025 | 15:54

Yanvarın 7-də Daşkəsən Rayon İcra Hakimiyyəti rayon Heydər Əliyev Mərkəzi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil edib.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən yarmarkada 40-dan artıq yeniyetmə və gəncin müxtəlif mövzularda 140-a yaxın rəsm, bədii tikmə, toxuculuq və digər növlərdə əl işləri nümayiş etdirilərək satışı həyata keçirilib.

Sosial yönümlü yarmarkanın məqsədi rayondan olan yaradıcı yeniyetmə və gənclərin əl işlərini nümayiş etdirməklə tanıdılmasına yardımçı olmaq, satışına dəstək vermək, əl əməyi məhsullarını diqqətdə saxlamaq, həmçinin yüksək yaradıcılıq ovqatı yaratmaqdır. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Açılış mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov yeniyetmə və gənclər arasında təsviri və dekorativ-tətbiqi sənətə meylin gücləndirilməsində, istedadların üzə çıxarılmasında, fəaliyyətlərinə dəstək göstərilməsində belə sərgilərin əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, qədim mədəniyyətə malik olan Azərbaycan xalqı minilliklərdən üzü bəri daşıyıb gətirdiyi yaradıcılıq ənənələrini, o cümlədən xalq sənəti incilərini bu gün də yaşadır, təbliğ edir, tanıdır. Azərbaycançılıq elementləri ilə zəngin olan xüsusilə xalq tətbiqi sənət növləri həmişə böyük maraq doğurur, xalqımızın keçmişini, bu gününü yaşadır, sabaha olan ümidlərini ifadə edir.

Digər çıxış edənlər də sərgi-satış yarmarkasının yeniyetmə və gənclərin yaradıcılığına böyük töhfə olduğunu diqqətə çatdırıblar.

Bayram əhvali-ruhiyyəsində baş tutan yarmarka ziyarətçilər tərəfindən maraqla qarşılanıb, yeniyetmə və gənclərin müxtəlif materiallardan hazırladıqları əl işlərinə böyük tələbat olub.

 

Keçidlər