Daşkəsən rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü qeyd olunub
Fevralın 13-də Daşkəsən rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü münasibəti ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi polkovnik-leytenant Ramil Qarayev, bölmənin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül düzüblər, xatirəsini ehtiramla anıblar.
İcra başçısı Orxan Abbasov rayon ictimaiyyətinin adından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi hörmətli Mürsəl İbrahimov başda olmaqla Xidmətin şəxsi heyətini, o cümlədən Daşkəsən rayon bölməsinin rəisi polkovnik-leytenant Ramil Qarayevin simasında bölmənin bütün əməkdaşlarını təbrik edib, onlara məsul və şərəfli işlərində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması, səlahiyyətlərinin genişləndirilməsi vaxtında atılmış mütərəqqi addımlardan biridir. Ötən qısa müddətdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Xidməti uğurlu inkişaf yolu keçərək, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfəsini vermişdir. Belə ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm tədbirlər görülmüş, davamlı nailiyyətlər əldə edilmişdir.
Peşə bayramı günündə SHXÇDX-nin rayon bölməsinin bir qrup əməkdaşına Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.