Daşkəsən rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub
Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Daşkəsən rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Həsənov, rayonun müxtəlif qurumlarında çalışan ictimai fəal gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Daşkəsən şəhərinin mərkəzində ucaldılmış xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstələri düzüblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən bayram tədbiri Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Toplantını giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərində uğurlar arzulayıb. İcra başçısı Orxan Abbasov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra müstəqil respublikamızın uğurlu dövlət gənclər siyasətinin əsas qoyuldu. Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri onun diqqət mərkəzində olmuş, yüksək intellektual, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Ölkənin siyasi həyatında heç də ürəkaçan hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması Ulu Öndərin ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağladığını göstərirdi. Ulu Öndərin təşəbbüsü və təşkilatçılığ ilə 1996-cı il 2 fevral tarixində müstəqil Azərbaycan Respublikası gənclərinin ilk forumu keçirildi. Forumda Ümummilli Liderin özü şəxsən iştirak edərək gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 1997-ci il 1 fevral tarixində ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli Lider Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur. Ulu Öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu Öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalamış və həmin Fərmana müvafiq olaraq 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
İcra başçısı Orxan Abbasov çıxışında vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında müasir dövrün tələbələrinə uyğun uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev gəncləri ölkəmizin gələcəyi və inkişafı üçün əsas strateji resurs hesab edir. Dövlət başçısının rəhəbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, onların təhsildə, mədəniyyətdə, idmanda və ictimai fəaliyyətlərdə uğur qazanmasına yönəlmişdir. Ölkə gənclərinin fiziki və mənəvi sağlamlığı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və tərəqqisi üçün yaradılan şərait və imkanlar dövlət başçısının bu sahəyə böyük qayğısına əyani sübutdur. Dövlət başçısının gənclərlə bağlı siyasətində əsas prioritetlərdən biri də onların vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, əldə olunan parlaq Zəfər, o cümlədən 2023-cü ilin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri bu siyasətin nə qədər uğurlu olduğunu bütün dünyaya nümayiş etdirdi. Hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü. Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığı, könüllü olaraq Vətən savaşında iştirak etmək əzmi, cəsarəti Prezident cənab İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi idi. Torpqalarımızın azadlığı uğrunda ən çətin döyüşlərdə iştirak edən, qazi və şəhid olan gənclərimiz Azərbaycanın bütövlüyü və suverenliyi üçün fədakarlığın simvoluna çevrildi. Azərbaycan gəncliyi Qarabağın azadlığı naminə döyüşməyi özünə yalnız borc deyil, həm də şərəf saydı. Bu vətənpərvərlik ruhu müharibədən sonra da gənclər arasında davam edərək yeni nəsil üçün müqəddəs örnək təşkil edir. "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident cənab İlham Əliyev gənclərin məşğulluğunun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, mədəni tədbirlərdə iştirakı, yaradıcı potensiallarının üzə çıxarılması üçün müxtəlif ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının aşkar edilməsi istiqamətində reallaşdırılan layihələr də təqdirəlayiqdir. Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə məsuliyyətini dərk edir, Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.
İcra başçısı Orxan Abbasov çıxışının sonunda deyib ki, Ümummili Lider Heydər Əliyevin ideyalarına sadiq olan və möhtərəm Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Daşkəsən gəncləri də ölkəmizin gənclər siyasətinin fəal iştirakçılarıdır. Onlar milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, təhsilə, mədəniyyətə, idmana və innovasiyalara maraq göstərən bir qüvvə olaraq rayonumuzun sosial-iqtisadi və mədəni həyatında mühüm yer tuturlar. Gənclərimiz həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliği yolunda mühüm addımlar atırlar. 2 fevral – Gənclər Gününü indi Azərbaycan gəncliyi qalib ölkənin övladları kimi böyük fəxarət və qürur hissi ilə qeyd edir. Bu zəfəri qorumaq, ölkəmizin iqtisadi, elmi, mədəni və sosial inkişafına töhfə vermək üçün yorulmadan çalışmalıyıq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi möhtərəm Prezident cənab İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri dövlətimizin gənclərə etimadının, gənclərin isə möhtərəm Prezident cənab İlham Əliyevə məhəbbətinin və dəstəyinin bariz təzahürüdür.
Diskussiya formatında keçirilən toplantıda gənclər müxtəlif mövzular ətrafında müzakirə aparıblar və gənclərə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonra müasir müstəqil Azərbaycan gəncliyinə həsr olunan videoçarx nümayiş etdirilib.
Sonda rayonun ictimai həyatında fəal iştirakına görə və 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gənc Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub, xatirə şəkli çəkdirilib.