“Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
Yanvarın 14-də "Daşkəsən Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan anım tədbirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri "Daşkəsən Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Mirzəkərim Tağıyev açaraq xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar – Ümumxalq Hüzn Gününün müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən birini təşkil etdiyini vurğulayıb. 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi olduğunu qeyd edən M.Tağıyev bu günün heç zaman unudulmayacağını söyləyib. 5 il əvvəl 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi şəhidlərinin, eləcə də suverenlik və azadlıq yolunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin qisaslarının alındığını, ruhlarının rahatlıq tapdığını bildirib. Əldə etdiyimiz şanlı Zəfərə görə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, qanları ilə tarix yazan şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdar və borclu olduğumuzu diqqətə çatdırıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev çıxışında deyib ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilmişdir. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətkar əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Hadisənin ertəsi günü – 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına, özünün və ailəsinin həyatını təhlükə qarşısında qoymasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, ovaxtkı SSRİ rəhbərliyini faciənin səbəbkarı kimi cəsarətlə ittiham etmiş, Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini dünya ictimayyətinə çatdırmışdır. Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar vermişdir. Ümummilli Liderin bu siyasəti hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Digər çıxış edənlər bildiriblər ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 35 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli gecəni daim xatırlayır, bu vəhşiliyi törədənləri unutmur. Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla anır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən övladları xalqımızın milli azadlığı, müstəqilliyi və suverenliyi üçün yol açdılar.