Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriki

30 dekabr 2024 | 10:34

Əziz Daşkəsənlilər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni, 2025-ci il münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, süfrələrinzə bol ruzi-bərəkət arzulayıram.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunmuşdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq ölkəmiz bütün azərbaycanlılar üçün doğma Vətəndir. Bu müqəddəs amal dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşdirdi və nəticədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindəki Zəfərin davamı olaraq 19-20 sentyabr 2023-cü il tarixlərində uğurlu antiterror əməliyyatı keçirməklə dövlətimizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti tam bərpa etdi.

Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır, insanlarımız öz ata-baba yurdlarına qayıdırlar.

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır. Respublikamızın dünyadakı nüfuzu və qüdrəti günbəgün artmaqda davam edir.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, möhtərəm Prezident cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi əhəmiyyəti var.

Ölkəmizin bütün sakinləri kimi Dəşkəsənlilər üçün də 2024-cü il uğurlu və yaddaqalan il olmuşdur. Daşkəsən rayonunda da həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və dialoq mühitinin genişləndirilməsi, bir sözlə, dinamik inkişaf göz qabağındadır. Rayonda aparılan tikinti-abadlıq, quruculuq işləri, müxtəlif səpkili sosial-iqtisadi vəzifələr yüksək səviyyədə yerinə yetirilmişdir. Əlbəttə, qazanılmış bütün nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə bilavasitə bağlıdır və onun ali diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

2025-ci ildə, qarşıda bizi daha mühüm məsuliyyətli vəzifələr gözləyir. Ölkə rəhbərimiz cənab İlham Əliyevi bir daha əmin edirik ki, verilən bütün tapşırıq və tövsiyələri bundan sonra da əzmkarlıqla yüksək səviyyədə vaxtında yerinə yetirəcəyik. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dağ-mədən sənayesi rayonu Daşkəsəni ölkəmizə iqtisadi gəlir gətirəcək pilot rayonlardan birinə çevirəcəyik.

Bu bayram günlərində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, sağlamlığını itirmiş qazilərimizə cansağlığı diləyirik.

Əziz Daşkəsənlilər!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə sizlərə yeni-yeni uğurlar arzulayır, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il  münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!

Bayramlarınız mübarək olsun!

Hörmətlə,

Orxan Abbasov,

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı   

Keçidlər