Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 12.02.2025-ci il tarixdə Mollahəsənli kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Fevralın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Mollahəsənli kəndində keçirilmiş səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov çıxışında vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, vətəndaş məmnunluğunun artırılması, onların problemlərinin operativ həlli dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Bu məqsədlə Daşkəsən rayonunun bütün yaşayış məntəqələrində sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir, hər bir sakinin müraciət və təklifinə həssas yanaşılır.
Sakinlərin müxtəlif mövzularda müraciət və təklifləri qeydə alınıb. Rayon rəhbəri Orxan Abbasov hər bir vətəndaşı ayrılıqda dinləyərək qaldırılan məsələlərin icrasına dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, digərləri də müvafiq qaydada çatdırılması üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən Mollahəsənli kənd sakinləri problemlərinin həlli məqsədilə görülən işləri yüksək qiymətləndiriblər; səyyar qəbulun təşkilinə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.