Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi müəssisədə görüş keçirib
Yanvarın 23-də Daşkəsən rayon Quşçu körpüsü qəsəbəsində yerləşən “Bərəkət" su və yem istehsalı müəssisəsində keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Vüqar Məmmədov, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov, Daşkəsən rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynov, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin baş vergi müfəttişi Babək Eyvazov və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Vüqar Məmmədov çıxışında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərindən irəli gələn tapşırıqların icrası istiqamətində Daşkəsən rayonunda fəaliyyətlərin aparıldığını və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 2025-ci il 10 yanvar tarixli, 03 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2025-ci il üçün Daşkəsən rayonu üzrə Ərazi Məşğulluq Proqramı”na əsasən rayon ərazisində əmək bazarının inkişafı və əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması, layiqli iş imkanlarının genişləndirilməsi, qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində, o cümlədən əhalinin məşğulluğuna dair problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması sistemli və ardıcıl olaraq reallaşdırılır. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər, həmçinin yeni yaradılan iş yerləri barədə görüş iştirakçılarını məlumatlandıran Vüqar Məmmədov qeyd edib ki, rayonda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində daimi olaraq monitorinqlər aparılır və əlaqədar qurumlarla birgə müvafiq tədbirlər görülür. Çünki qeyri-formal məşğulluq rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır.
Digər çıxış edənlər də komitə tərəfindən ötən dövrlərdə görülən işlərlə bağlı fikirlərini bölüşərək qarşıda duran vəzifələrədən danışıblar.
“Bərəkət" su və yem istehsalı müəssisəsinin rəhbəri Elşən Bayramov yaxın zamanda işə salınması nəzərdə tutulan müəssisənin hədəfləri və gözlənən nəticələr barədə ətraflı məlumat verib. Dövlətin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan, eləcə də əlverişli biznes mühitindən faydalanaraq müəssisənin daha geniş formada fəaliyyət göstərəcəyini bildirib. Eyni zamanda görüş iştirakçılarını müəssisədə görülən işlərlə tanış edib.