30 yanvar – Gömrük İşçilərinin Peşə Bayramı Günüdür
Azərbaycan öz dövlət müstəqilliyini və suverenliyini bərpa etdikdən üç ay sonra – 1992-ci il yanvarın 30-da ölkəmizdə müstəqil gömrük sisteminin əsası qoyuldu və Dövlət Gömrük Komitəsi (DGK) yaradıldı. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla hər il yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib.
Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Gömrük sistemi ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin aparılmasının qarşısını alır.
Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir. Tarix boyu mövcud olmuş bütün Azərbaycan dövlətlərində gömrük xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərmişlər. Lakin gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur. Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdı. Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi 1918-ci il avqustun 10-da qəbul etmişdi. Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılmışdı və burada 992 gömrük işçisi keşik çəkirdi. 1920-ci il aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sistemində də işlərin başa çatdırılmasına imkan vermədi.
Müzstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır. Azərbaycan Respublikasının Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.
Prezident cənab İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.
Bunun nəticəsidir ki, son illər Azərbaycanın gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir, fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək mütəmadi olaraq islahatlar aparır.
Dövlət başçsı cənab İlham Əliyev tərəfindən ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarətin dəstəklənməsi və təşviqi, sahibkarlar üçün asan, əlçatan xidmətlərin formalaşdırılması, gömrük işinin səmərəli və müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsi üzrə strateji hədəflər müəyyənləşdirilib. Gömrük orqanları qarşısında qoyulan tapşırıqların uğurla icrası məqsədilə Gömrük Xidmətinin Fəaliyyət Proqramı tərtib edilib və orada şəffaflıq, məmnunluq və rəqəmsallaşmanın artırılması, gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, güvənli hüquq-mühafizə tədbirləri DGK-nın strateji hədəfləri olaraq əksini tapıb. Gömrük orqanları tərəfindən icra olunan bütün layihə və yeniliklər “Gömrük İNKİŞAF modeli” konsepsiyası əsasında hazırlanır. Rəqəmsal həllərə, elmi nəzəriyyələrə, qabaqcıl təcrübələrə əsaslanan layihələr rəsmiləşdirmə və sərhədkeçmə proseslərinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına, vaxt və vəsaitə qənaət olunmasına şərait yaradır. “Gömrük İNKİŞAF modeli” komitənin qısa və orta müddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi olan “Gömrük xidmətinin Fəaliyyət Proqramı” üzrə nəzərdə tutulmuş layihələrin konsepsiyasıdır.
Gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xalqImızın maraqlarına xidmət edən siyasətin yeni-yeni uğurlar qazanmasında mühüm rol oynayır. Əminik ki, Azərbaycan gömrükçüləri bunda sonra da dövlət başçısının müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
30 yanvar – Gömrük İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə bütün gömrük işçilərini təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayırıq!