29 dekabr – “ASAN xidmət” işçilərinin peşə bayramı günüdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.
"ASAN xidmət" mərkəzlərinin yaradılması dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.
Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub.
“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Hazırda ölkə ərazisində 27 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Lənkəran və Naxçıvandadır.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.
Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.
Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir.
Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 35 mindən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5 min 500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3 min 300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Milli brendimiz olan ASAN intellektual məhsul kimi həm də ixrac olunur. Dövlət Agentliyi 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Həmin çərçivədə İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də ICESCO, UCLG Afrika və İslam İnkişaf Bankı (IsDB) ilə imzalanmış Anlaşma Memorandumlarını qeyd etmək olar. Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub.
Peşə bayramları günü münasibətilə “ASAN xidmət” işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!