28 dekabr – “Vəkil günü” peşə bayramı
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 100 ildən artıq tarixi olan və 1919-cu ildə Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövründə əsası qoyulmuş qurumun varisidir. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq Şərqdə qadınlara seçki hüququ verilmiş ilk ölkə olmuş, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə 11-ci qızıl ordu tərəfindən ilhaq olunması nəticəsində Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli dekreti ilə Azərbaycan məhkəmə palatası, ümumən prokurorluq, məhkəmə və istintaq orqanları, habelə vəkillik sistemi ləğv edilmişdir.
70 il ərzində Azərbaycanda vəkillər sovetlər tərəfindən ciddi nəzarətə məruz qalmış və yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra bu institutu dirçəlməyə başlamışdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat olmuş və həmin dövrdə qəbul edilmiş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir.
3 noyabr 2004-cü ildə keçirilmiş təsis yığıncağı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilmişdir. Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Qeyd edək ki, ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və azadlıqlarının müdafiəsində, bununla da cəmiyyətdə qanunçuluğun və hüquq qaydalarının təmin olunmasında vəkillik mühüm rola malikdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamının preambulasında da qeyd edildiyi kimi insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Vəkilliyin yeni inkişaf mərhələsinə təkan vermiş sözügedən Sərəncamda dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, üzvlüyə xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi, müasir İKT-nin tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi və sair məsələlər öz əksini tapmışdır. Sərəncamda qeyd olunan işlər bu gün tam gücü ilə icra olunmaqdadır.
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə 2020-ci ildən etibarən dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunmuşdur. Bununla da, həm bürokratik maneələr aradan qalxmış, həm də vəsaitin müvafiq bölgüsünün şəffaf şəkildə aparılmasına nəzarət təmin olunmuşdur. Bu sahədə vəkillərə ödənilməli olan məbləğlər cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi vəkillərə 1 yanvar 2020-ci ildən başlayaraq nağdsız qaydada ödənilir.
Bütün bu fəaliyyətin məntiqi davamı olaraq isə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır və bu, vəkillik institutuna dövlət başçısı tərəfindən verilən yüksək dəyərin bariz nümunəsidir.
Bütün vəkilləri 28 dekabr "Vəkil Günü" peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır!