Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN MƏKTƏBLİLƏRİ NÖVBƏTİ “ÖLKƏMİZİ TANIYAQ” MAARİFLƏNDİRİCİ TUR-AKSİYASINA QOŞULUBLAR

11 noyabr 2017 | 16:00

 

Yüksək səviyyədə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiya 11-14 noyabr  tarixlərində keçiriləcəkdir.
Həmin tur-aksiyaya Daşkəsən məktəbliləri də qoşulub. Onlar Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqlar.
Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunmuş tur-aksiyanın təntənəli yola salma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Təhsil Şöbəsinin işçiləri, idarə, müəssisə rəhbərləri, müəllimlər, valideynlər, rayon ictimaiyyəti nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yolasalma mərasimində çıxış etmişdir. O, çıxışında demişdir:
- Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar gözəl ənənə halı almışdır.
Artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur.
2014-cü ildən start verilmiş, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu 7 tur aksiyada bu günədək 13 min 648 məktəbli iştirak etmişdir.
Həmin turlara Daşkəsən rayon ümumtəhsil məktəblərinin şagirdləri də böyük həvəslə qoşulmuş, onlar ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə tanış olmuş, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını əyani şəkildə görmüşlər.
Bu gün tam qətiyyətlə deyilməlidir ki, ölkə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün sahələrində parlaq uğurlar, qələbələr qazanılmışdır. Azərbaycan kimi gənc bir ölkənin iqtisadi cəhətdən dünyada  güclənməsi və onun ictimai-siyasi sabitlik nümunəsinə çevrilməsi müstəqil dövlətimizin dünyada baş verən siyasi gərginliklər kontekstində ən böyük uğurudur.
İndi Azərbaycan tək Cənubi Qafqazın deyil, bütövlükdə yerləşdiyi regionun ən nüfuzlu söz sahiblərindən biridir. Regionda reallaşdırılan böyük transmilli layihələrdə Azərbaycanın öz payı və öz sözü var. Azərbaycanın siyasi çəkisi artıq o həddə yüksəlib ki, hazırda o, nəhəng dövlətlər arasında baş verən siyasi anlaşılmazlıqların nizamlanmasında vasitəçilik missiyasını uğurla yerinə yetirir.
Beynəlxalq iqtisadi müstəvidə baş verən siyasi proseslər kontekstində Azərbaycan iqtisadiyyatın sürətli inkişaf yolunu seçməklə ölkəmizin iqtisadi potensialının və maliyyə imkanlarının xeyli möhkəmlənməsinə nail olmuşdur. Ölkəmizin iqtisadi müstəqilliyi onun digər sahələrdəki uğurlarının da təməl daşıdır. Cari ilin doqquz ayının yekunlarının müzakirəsi zamanı çıxışında ölkə Prezidentimiz cənab İlham Əliyev haqlı olaraq bu müstəqilliyə yüksək  qiymət verərək dedi: “Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur”.
Azərbaycan dünya səviyyəli beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir. Biz artıq dünya miqyasında idman ölkəsi kimi tanınırıq. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyirlər.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də “Formula-1” yarışlarını misal göstərmək olar. Bütün bunlara möhtərəm Prezident cənab İlham Əliyevin idmana göstərdiyi dövlət qayğısı sayəsində nail olunub.
Azərbaycandakı mövcud   ictimai-siyasi sabitlik lazımınca  dəyərləndirilməlidir.  Başa düşməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  gərgin səyləri hesabına  yaradılmış bu  ictimai-siyasi sabitlik ailələrimizin, gənclər və uşaqlarımızın təhlükəsiz və xoşbəxt həyatının, müstəqil Azərbaycan dövlətinin isə hərtərəfli  inkişafının əsas təminatıdır.
Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Siz şagirdlərə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü ilin mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan mənfur Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat verilir.
Belə ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprel ayının 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Aprel müharibəsi bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq iqtidarındadır. Bu barədə məlumatlar siz məktəblilərin vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir.
Ekskursiya zamanı sizlər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqsınız. Diqqətə çatdırılacaqdır ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən dünya şöhrətli Prezident cənab İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş isə əfsanəvi “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə görə, 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. Bu yeni müqavilə həm də xarici nüfuzlu tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını bir daha da göstərir.
Son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. Bu il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Londondan Pekinədək qatarlar hərəkət edəcək, yük və sərnişin daşınacaq. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti vardır. Şagirdlərimiz bütün bu layihələr barədə məlumatlandırılacaqlar.
Rayonumuzdan şagirdlərin yola salınması və onların qarşılanması hər il, hər zaman Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, rayon Təhsil şöbəsinin işçilərinin, valideynlərin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə böyük ruh yüksəkliyi və təntənəli surətdə keçirilir.  
Bu gün də həmin ənənəyə uyğun olaraq 40 nəfər şagirdimizi növbəti 8-ci tur aksiyaya  təntənəli surətdə yola salırıq.
Siz “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Azərbaycanın cənub bölgəsinin cənnət guşələri olan Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqsınız. Ekskursiya tur çərçivəsində  bölgənin adət-ənənələrini, ləzzətli mətbəxi – ləvəngisi, təbiətin gözəlliyi, Xan Lənkəranın “Nənələr” folklor rəqs ansamblı, zəngin meşələri, gözəl dənizi, qonaqpərvərliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqsınız. Çox maraqlıdır ki, planetimizin 11 iqlim qurşağından 9-u məhz bu bölgənin ərazisində mövcuddur.
Gedəcəyiniz rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, qədim tarixi abidələri, gənclər mərkəzləri, Olimpiya kompleksləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq sizin dünyagörüşünüzdə silinməz izlər buraxacaqdır.
Hər şeydən əvvəl unudulmamalıdır ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Dövlət Başçımız çox hörmətli cənab İlham Əliyevin siz gənc nəslə olan daimi diqqət və qayğısından irəli gəlir.
Biz sizlərə gedəcəyiniz Cənub bölgəsində keçirilən tur-aksiyada inanırıq ki, çox böyük uğurlu, yadda qalan xatirəli günlərinizi unutmayacaqsınız. Sizə ən xoş arzularla uca Talış dağları kimi möhkəm, sağlam uzun ömür diləyirəm.
Mərasimdə çıxış edən müəllimlər və valideynlər yaradılmış yüksək şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarının bildirərək qeyd etmişlər ki, ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən belə tur-aksiyalar çərçivəsində şagirdlər ölkəmizin tarixini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanırlar. Bu da yeniyetmələrin sağlam vətənpərvər gənclər kimi yetişmələrində mühüm rol oynayacaqdır.
Sonra Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən 40 nəfər şagirddən ibarət qrup Lənkəran şəhərinə yola düşüblər.
       Elmar Vüqarlı
        Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər