Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

2 fevral – Azərbaycan Gəncləri Günüdür

02 fevral 2025 | 08:33

28 il bundan əvvəl, 1997-ci ildə 2 feval gününün Azərbaycanda Gənclər Günü elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra müstəqil respublikamızın uğurlu dövlət gənclər siyasətinin əsas qoyuldu. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri onun diqqət mərkəzində olmuş, yüksək intellektual, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir.

Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. Belə ki, ötən əsrin 70-ci illərində məhz Ümummilli Liderin təşəbbüsü və gərgin fəaliyyəti nəticəsində on beş mindən artıq azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almışdır. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət göstərmişdir.

Müstəqilliyimizin ilk illərində digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli də Heydər Əliyev üçün prioritet təşkil etmişdir. Həmin illər yeni sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən ölkəmizə daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərindən gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.

Ölkənin siyasi həyatında heç də ürəkaçan hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması Ulu Öndərin ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağladığını göstərirdi. Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin əsas vəzifəsi kimi qarşıya qoymuşdu. Bu istiqamətdə yorulmadan böyük işlər görməklə dahi rəhbər Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail oldu.

Ulu Öndərin təşəbbüsü və təşkilatçılığ ilə 1996-cı il 2 fevral tarixində müstəqil Azərbaycan Respublikası gənclərinin ilk forumu keçirildi. Forumda Ümummilli Liderin özü şəxsən iştirak edərək gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

1997-ci il 1 fevral tarixində ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli Lider Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur.

Ulu Öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Ümummilli Lider 1998-ci il 2 fevral tarixində Azərbaycan Gəncləri Gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edərkən gənclərə müraciətində demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu Öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalamış və həmin Fərmana müvafiq olaraq 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında müasir dövrün tələbələrinə uyğun uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev gəncləri ölkəmizin gələcəyi və inkişafı üçün əsas strateji resurs hesab edir. Dövlət başçısının rəhəbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, onların təhsildə, mədəniyyətdə, idmanda və ictimai fəaliyyətlərdə uğur qazanmasına yönəlmişdir. Ölkə gənclərinin fiziki və mənəvi sağlamlığı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və tərəqqisi üçün yaradılan şərait və imkanlar dövlət başçısının bu sahəyə böyük qayğısına əyani sübutdur. Prezident cənab İlham Əliyevin gənclər siyasətinə olan diqqəti özünü ayrıca bir ilin – 2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan edilməsində də göstərmişdir. 

Prezident cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaratmışdır və hər il minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsasları ilə bilavasitə bağlılığı göstərir.

2015-ci il 26 yanvar tarixli “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncam, 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair” Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa hesablanmışdır.

Möhtərəm Prezident cənab İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nı təsis etməsidir.

Dövlət başçısının gənclərlə bağlı siyasətində əsas prioritetlərdən biri də onların vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, əldə olunan parlaq Zəfər bu siyasətin nə qədər uğurlu olduğunu bütün dünyaya nümayiş etdirdi. Hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü. Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığı, könüllü olaraq Vətən savaşında iştirak etmək əzmi, cəsarəti Prezident cənab İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi idi. Torpqalarımızın azadlığı uğrunda ən çətin döyüşlərdə iştirak edən, qazi və şəhid olan gənclərimiz  Azərbaycanın  bütövlüyü və suverenliyi üçün fədakarlığın simvoluna çevrildi. Azərbaycan gəncliyi Qarabağın azadlığı naminə döyüşməyi özünə yalnız borc deyil, həm də şərəf saydı. Bu vətənpərvərlik ruhu müharibədən sonra da gənclər arasında davam edərək yeni nəsil üçün müqəddəs örnək təşkil edir. Gənclərin döyüşlərdəki fədakarlığı və torpaqlarımızın işğaldan azad edilməsində iştirakı Prezident cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.

İndi gənclərimiz işğaldan azad olunmuş ərazilərin bərpasında, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında, beynəlxalq tədbirlərdə Azərbaycanın haqq səsini çatdırmaqda fəal iştirak edirlər.   

"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident cənab İlham Əliyev gənclərin məşğulluğunun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, mədəni tədbirlərdə iştirakı, yaradıcı potensiallarının üzə çıxarılması üçün müxtəlif ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının aşakr edilməsi istiqamətində reallaşdırılan layihələr də təqdirəlayiqdir. 

Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə məsuliyyətini dərk edir, Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.

Ümummili Lider Heydər Əliyevin ideyalarına sadiq olan və möhtərəm Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Daşkəsən gəncləri də ölkəmizin gənclər siyasətinin fəal iştirakçılarıdır. Onlar milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, təhsilə, mədəniyyətə, idmana və innovasiyalara maraq göstərən bir qüvvə olaraq rayonumuzun sosial-iqtisadi və mədəni həyatında mühüm yer tuturlar. Gənclərimiz həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliği yolunda mühüm addımlar atırlar. 

Daşkəsən gəncləri hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizələrdə aktiv iştirak etmişlər. Xüsusən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun sıralarında Daşkəsəndən olan yüzlərlə gənc döyüşlərdə qəhramanlıq nümunəsi göstərmiş, onlardan 34 nəfəri şəhid olmuş, 100 nəfərdən çoxu yaralanmışdır. Vətən qarşısında xidmətlərinə görə yüksək dövlət təltiflərinə layiq görülən hərbi qulluqçular sırasında daşkəsənli gənclər də var. Bundan başqa döyüş əməliyyatlarında fərqlənən yüzlərlə daşkəsənli gənc müxtəlif medallar və fəxri adlarla təltif olunmuşlar.

Vətənin azadlığı, bütövlüyü, suverenliyi yolunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyir, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmağı arzu edirik.     

2 fevral – Gənclər Gününü indi Azərbaycan gəncliyi qalib ölkənin övladları kimi böyük fəxarət və qürur hissi ilə qeyd edir. Bu zəfəri qorumaq, ölkəmizin iqtisadi, elmi, mədəni və sosial inkişafına töhfə vermək üçün yorulmadan çalışmalıyıq. Respublikamızda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi möhtərəm Prezident cənab İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri dövlətimizin gənclərə etimadının, gənclərin isə möhtərəm Prezident cənab İlham Əliyevə məhəbbətinin və dəstəyinin bariz təzahürüdür.

Hörmətli gənclər!

Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Keçidlər