Daşkəsən rayonunda 2016-cı ilin I rübü böyük uğurlarla yadda qaldı
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, buraya toplaşmağımızın məqsədi 2016-cı ilin I rübü ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha xatırlamaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Hamımıza məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin sədrliyi ilə aprelin 9-da Prezident sarayında, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Ölkə rəhbəri həmin iclasda özünün giriş nitqində bildirmişdir ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib”.
Dövlət başçısı vurğulayıb ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə edib: "Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir".
Ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artıb , - deyə cənab prezident qeyd edib.
Ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu gün də prioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik...
Ölkəmizdə birinci rübdə əldə olunmuş uğurları qeyd edən Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev eyni zamanda, Daşkəsən rayonunda da 2016-cı ilin birinci rübündə bir çox işlərin görüldüyünü və böyük nailiyyətlərin əldə olunduğunu vurğulamışdır. O, yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır.
Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür.
Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində əlverişli şərait vardır.
Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Daşkəsən rayonu 2016-cı ildə də özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır.
Daşkəsən rayonu ərazisində 2016-cı il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən, baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 18 saylı, 08 aprel 2016-cı il tarixli sərəncam verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin fevral ayının 15-dən 02 may 2016-cı il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. İndiyədək rayonunun 24 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 18515 nəfər tibbi müayinədən keçmiş, 19 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 80 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasında stasionar müalicəsinə cəlb olunmuş, 160 nəfərə isə ambulator müalicə yazılmışdır. Hazırda bu işlər davam etdirilməkdədir.
Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığını göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək bildirmişdir ki, 2016-cı ilin birinci rübü ərzində “Daşkəsən Filizsaflaşdırma” ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni və digər təşkilatlar da öz fəaliyyətlərini davam etdirmişlər.
3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na daxil edilmişdi.
Artıq bu günlərdə həmin tədbirin həyata keçirilməsi barədə Azərbaycan Respublikasının Baş Naziri çox hörmətli cənab Artur Rasi-zadə tərəfindən müvafiq tapşırıq verilmişdir.
Cari ilin yanvar ayının 26-da regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Cənab Prezident tərəfindən verilən bütün tapşırıq və tövsiyələr yüksək səviyyədə yerinə yetirilir.
Bildiyiniz kimi, “Yeni Daşkəsən” layihəsi işlənib elmi əsaslarla hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Hazırda həmin istiqamətdə müvafiq işlər görülür.
Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev qeyd etmişdir ki, 2016-cı ilin birinci rübü ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Rayonda olan problemli məsələlərə də toxunan cənab Əhəd Abıyev vurğulamışdır ki, hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur. Rayonun Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərində təbii qaz xəttinin çəkilişi başa çatmış və Xoşbulaq kəndinə təbii qaz xəttinin çəkilişi davam etdirilir. Həmin işlərin sürətləndirilməsi olduqca vacibdir.
2015-ci ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə Islam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmışdır.
Bu layihə üzrə bir sıra işlər görülmüşdür. Həmin layihənin bu ilin sonuna kimi başa çatması nəzərdə tutulub.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Rüb ərzində rayonda bir sıra mədəni kütləvi tədbirlər keçirilmişdir.
Daşkəsən şəhərinin yaradılmasının 68-ci ildönümü və Novruz bayramı münasibətilə geniş tədbir keçirilmişdir. Novruz bayramı münasibətilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmiş və onlara novruz sovqatları aparılmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevin 01.02.2016-cı il tarixli məktubuna əsasən Rayon İcra Hakimiyyəti Başçısının 08 saylı, 03.02.2016-cı il tarixli sərəncamı ilə qərargah yaradılmış, rayon icra hakimiyyəti ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflərin hazırlanması, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirməsi və görülən işlər barədə məlumatların hər ayın 1-də və 15-də qərargah tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin elektron ünvanına göndərilməsi təmin edilir.
Aprelin 9-da Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “Bu il biz gərgin işləməliyik ki, bütün vəzifələr icra edilsin, Azərbaycan iqtisadiyyatı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar”.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə, əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Rayon Kənd Təsərrüfatı idarəsinin müdiri Şahbaz Mehdiyev, Daşkəsən RİHB-nin şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Rayon Elektrik Şəbəkəsinin rəisi Sahib Hüseynov, Daşkəsən rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor əvəzi Malik Şükürov çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü