10.02.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Şura iclasında Daşkəsən rayonu üzrə 2024-cü il ərzində yerli büdcənin icrasının yerinə yetirilməsi və digər aktual məsələlər müzakirə olunub. İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, o cümlədən aidiyyəti şəxslər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov yerli büdcənin icrasının rayonun sosial-iqtisadi inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Büdcə vəsaitlərinin səmərəli istifadəsinin, sosial layihələrin həyata keçirilməsinin və vətəndaşların rifahının artırılmasının vacibliyini vurğulayıb.
Daşkəsən rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Natiq Zeynalov məruzəsində Daşkəsən rayonunda 2024-cü il ərzində yerli büdcənin icrası ilə bağlı ətraflı məlumat verib, gəlir və xərclərin dinamikasını təqdim edib. Habelə büdcə vəsaitlərinin istifadəsi, prioritet sahələrə yönləndirilməsi və icra prosesində qarşıya çıxan məsələlərə toxunub.
İclasda iştirak edən Şura üzvləri yerli büdcənin icrasına dair fikirlərini bölüşərək, müxtəlif təkliflər irəli sürüblər. Rayonun sosial infrastrukturunun inkişafı, eləcə də kənd təsərrüfatının, turizmin dəstəklənməsi mövzuları müzakirə edilib.
İcra başçısı Orxan Abbasov müzakirələr zamanı qaldırılan məsələlərin həlli və irəli sürülən təkliflərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib, büdcə vəsaitlərinin səmərəli istifadəsinin vacibliyini bir daha qeyd edərək, hər bir idarə, müəssisə və təşkilatın bu məsələdə aktiv iştirak etməsinin zəruriliyini bildirib.
İclasın sonunda müzakirə olunan məsələlərə dair Şuranın qərarı qəbul edilib.