07.02.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq iki məsələ müzakirə olunub. İclasda Şura üzvləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, İcra Hakimiyyəti başçısı yanında şura iclasları rayondakı icra orqanlarının fəaliyyətini daha da effektivləşdirmək və əhalinin rifahını artırmaq məqsədi güdür. Bu iclaslar müxtəlif problemlərinin həllinə və qarşıda duran vəzifələrin icrasına yönəlmiş müzakirələr üçün əhəmiyyətli bir platformadır.
“Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rayon ərazisində, idarə, müəssisə və yaşayış mənzillərində baş verə biləcək yanğınların qarşısının alınması sahəsində profilaktik tədbirlərlə əlaqədar gördükləri işlər” haqqında RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyevin hazırladığı arayış dinlənilib.
RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov isə gündəlikdəki ikinci məsələ - “Daşkəsən Rayon İcra Hakimiyyətində 2024-cü il ərzində vətəndaş müraciətlərinə baxılmanın vəziyyəti” barədə məruzəsini diqqətə çatdırıb.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.
Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.