Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının XI hesabat konfransı keçirilib
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev hesabat məruzəsi ilə çıxış edib. O, rayon təşkilatı tərəfindən həyata keçirilən işlər, ərazi partiya təşkilatlarının fəaliyyəti, partiya üzvləri ilə aparılan iş və təşkilati məsələlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, YAP Daşkəsən rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində ardıcıl fəaliyyət göstərib. Bildirilib ki, YAP-ın ideoloji prinsiplərinin təbliği, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin təşviqi istiqamətində müxtəlif tədbirlər keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib. O, YAP Daşkəsən rayon təşkilatının rayonda həyata keçirilən əhəmiyyətli tədbirlərdə fəal iştirak etdiyini və qarşıya qoyulan vəzifələrin icrasına öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bildirib ki, Preizdent cənab İlham Əliyevin rəhbərliyi rayonun sosial-iqtisadi inkişafının təmin olunması, abadlıq və quruculuq işlərinin genişləndirilməsi, eləcə də əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Milli Məclisin deputatı Kamran Bayramov qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Millət vəkili Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra yeni inkişaf mərhələsinin başlandığını, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb. O bildirib ki, bütün bunlar qalib və qüdrətli Azərbaycanın reallığıdır.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının təşkilatlanma ənənələri və rayon təşkilatlarının səmərəli fəaliyyətinin əhəmiyyətindən danışıb. O bildirib ki, partiya üzvləri arasında həmrəyliyin, qarşılıqlı əməkdaşlığın və ictimai fəallığın gücləndirilməsi mühüm önəm kəsb edir.
Partiya veteranı, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, “Mədəniyyət İşçiləri” ərazi partiya təşkilatının sədri Nailə Məmmədova çıxışlarında Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan və partiyanın formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, partiyanın ideoloji prinsiplərinin təbliği gənclərin və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması əsas istiqamətlərdən biridir.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov bildirib ki, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı hesabat dövründə fəaliyyətini qarşıya qoyulmuş vəzifələrə uyğun qurub. O, rayon təşkilatının partiya sıralarının genişləndirilməsi və üzvlərin ictimai fəallığının artırılması sahəsində gördüyü işlərin əhəmiyyətini qeyd edib.
Konfransda YAP Daşkəsən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.






