Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Yanvarın 30-u Gömrük İşçilərinin Peşə Bayramı Günüdür

30 yanvar 2026 | 16:13

Bu gün Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Gömrük Komitəsi yaradıldı. Lakin həmin dövrdə ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi.

1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksəksəviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Ulu Öndərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla hər il yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan edilib.

Prezident cənab İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətləri üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir.

Prezident cənab İlham Əliyev tərəfindən ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarətin dəstəklənməsi və təşviqi, sahibkarlar üçün asan, əlçatan xidmətlərin formalaşdırılması, gömrük işinin səmərəli və müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsi üzrə strateji hədəflər müəyyənləşdirilib. Gömrük orqanları qarşısında qoyulan tapşırıqların uğurla icrası məqsədilə Gömrük Xidmətinin Fəaliyyət Proqramı tərtib edilib və orada şəffaflıq, məmnunluq və rəqəmsallaşmanın artırılması, gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, təhlükəsiz hüquq-mühafizə tədbirləri Dövlət Gömrük Komitəsinin strateji hədəflərində öz əksini tapıb.

Gömrük orqanları tərəfindən icra olunan bütün layihə və yeniliklər “Gömrük İNKİŞAF modeli” konsepsiyası əsasında hazırlanır. Rəqəmsal həllərə, qabaqcıl təcrübələrə əsaslanan layihələr rəsmiləşdirmə və sərhədkeçmə proseslərinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına, vaxt və vəsaitə qənaət olunmasına şərait yaradır. “Gömrük İNKİŞAF modeli” komitənin qısa və ortamüddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi olan Gömrük Xidmətinin Fəaliyyət Proqramı üzrə nəzərdə tutulmuş layihələrin konsepsiyasıdır. Ticarətin asanlaşdırılması konsepsiyası çərçivəsində rəqəmsal gömrük xidmətinin innovativ həllər hesabına genişləndirilməsi, sahibkar, vətəndaş, işçi məmnunluğunun təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xalqımızın maraqlarına xidmət edən siyasətin yeni-yeni uğurlar qazanmasında mühüm rol oynayır. Əminik ki, Azərbaycan gömrükçüləri bunda sonra da dövlət başçısının müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

30 yanvar – Gömrük İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə bütün gömrükçüləri təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Keçidlər