Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən Müharibəsi şəhidləri Abdullayev Şəhriyar Kamil oğlunun ildönümü və İsmayılov Novruz Nurəddin oğlunun doğum günü ilə bağlı Daşkəsən Şəhidlər xiyabanında məzarları ziyarət olundu

13 oktyabr 2023 | 16:25

Daşkəsən və Kəlbəcər Rayon Hakimiyyətlərinin, rayon hüquq-mühafizə orqanlarının məsul əməkdaşları bir qrup şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri ilə birgə Vətən Müharibəsi şəhidləri Abdullayev Şəhriyar Kamil  oğlunun ildönümü və İsmayılov Novruz Nurəddin oğlunun doğum günü ilə bağlı Daşkəsən Şəhidlər xiyabanında məzarlarını ziyarət etdilər. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyuldu, dualar oxundu, əziz xatirələri ehtiramla yad edildi.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxış edərək şəhidlərin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb. Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandanın 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə yüksək həssaslıqla  yanaşdıqlarını bildirib, möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında şəhid ailələrinin, yaralı əsgərlərin və döyüş iştirakçılarının müraciətlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb.

V.Məmmədov daha sonra qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 2023-cü ilin sentyabrın 19-da başlayan  lokal xarakterli antiterror əməliyyatı ilə qarşılarında duran bütün vəzifələri yerinə yetirdi, ordumuz erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.

O, şəhid olan igid oğullara uca Allahdan rəhmət diləmiş, qazilərə can sağlığı arzulamışdır.

Şəhid  Abdullayev Şəhriyar Kamil oğlunun və İsmayılov Novruz Nurəddin oğlunun ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra ehsan süfrəsi açılıb.

Qeyd edək ki, şəhid Abdullayev Şəhriyar Kamil oğlu 1987-ci il martın 2-də anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Şəhriyar Abdullayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. 13 oktyabr 2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Özündən sonra iki övladı yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları  ilə  təltif edilmişdir.

Şəhid İsmayılov Novruz Nurəddin oğlu 1987-ci il oktyabrın 13-də anadan olub. Azərbaycan Ordusunun giziri olan Novruz İsmayılov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə oktyabrın 30-da şəhid olub. 08 noyabr 2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Özündən sonra bir övladı yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və ”Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər