Uşaqlar arasında “Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir” mövzularında maarifləndirici tədbir keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon üzrə Təhsil Sektorunun və rayon üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin akt zalında “Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir?” mövzularında keçirilən maarifləndirici tədbirdə RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov mövzuya dair məruzə ilə çıxış edib. Diqqətə çatdırıb ki, erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif ciddi risklər yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Əlavə olaraq bildirilib ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması, qanunlara əməl edilməsi və maariflənmənin gücləndirilməsidir.
Tədbirin sonunda Daşkəsən RİH-nin hazırladığı maarifləndirici bukletlər paylanıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.