Ümummilli Lider Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanın dayanıqlı inkişafının təməlidir
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur. Qədirbilən xalqımız hər il olduğu kimi bu il də Ulu Öndərin doğum gününü böyük coşqu və sevinclə qarşılayır. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ötən əsrin yetmişinci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi uğurların böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyev ölkəmizi və xalqımızı tarixin ən ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, ölkəmizin bütün sahələr üzrə dinamik inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz onun misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün geniş islahatlar proqramı həyata keçirmişdir. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl respublikasına çevrilmişdir. Sənaye və kənd təsərrüfatında böyük yüksəliş baş vermiş, yeni və mütərəqqi istehsalat sahələri yaradılmışdır. Elm, təhsil, mədəniyyət sahələrində misli görünməmiş uğurlara imza atılmışdır. SSRİ-nin bütün ideoloji maşınının milli-mənəvi dəyərlərin unudulmasına xidmət etdiyi bir məqamda Ulu Öndərin böyük cəsarəti və əzmkarlığı sayəsində gələcək milli ordu quruculuğunun əsasını təşkil edən Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəbi yaradılmışdır. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapmışdır.
Ulu Öndərin bu illərdəki fəaliyyəti barədə onun 100 illik yubileyi ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Prezident cənab İlham Əliyevin Sərəncamında belə qeyd edilmişdir: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.
Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər respublikamızı unutmurdu, bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəldirdi, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı üçün əlindən gələni əsirgəmirdi.
Naxçıvanda olduğu illərdə isə məhz onun təşəbbüsü ilə Azərbaycanın müstəqilliyə gedən yolda ilk addımlar atılmışdır. Ulu Öndərin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmış, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olunmuş, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edilmiş, 20 Yanvar faciəsinə siyasi qiymət verilmiş, SSRİ-nin saxlanılması barədə referendumdan imtina olunmuş, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırılmış, ilk dəfə olaraq sovet qoşun hissələri muxtar respublikadan çıxarılmışdır. Bütün bunlarla yanaşı, Heydər Əliyev Naxçıvanı erməni işğalından qorumuş və muxtar respublikanın iqtisadi-sosial blokadadan çıxarılması üçün zəruri tədbirlər həyata keçirmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə mövcud olan siyasi böhranı aradan qaldırmaq üçün mühüm addımlar atdı. O dövrdə Azərbaycan daxili qarşıdurmalar, erməni işğalı nəticəsində yaranmış ağır hərbi-siyasi vəziyyət, iqtisadi çətinliklər və parçalanma təhlükəsi ilə üz-üzə idi. Heydər Əliyev bütün resursları səfərbər edərək qısa müddətdə dövlətçiliyi qorumağa, sabitliyi bərpa etməyə və idarəetmədə nizam yaratmağa nail oldu. Bununla yanaşı müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi, ölkənin gələcək inkişafı üçün əsaslı zəmin yaratdı.
1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsasları qoyuldu. Ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında canlanma yarandı, xalqın gələcəyə inamı gücləndi. Azərbaycanın davamlı inkişafı və müasir, güclü dövlət kimi dünya birliyində mövqeyinin möhkəmlənməsi üçün hüquqi əsaslar formalaşdı.
Ümummilli Lider Heydər Əliyev müstəqillik illərində dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan azərbaycançılıq ideologiyasının da təşəkkülü və inkişafına xüsusi diqqət yetirirdi. 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində Ulu Öndər demişdir: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Bu gün azərbaycançılıq milli və dövlət ideologiyası statusu əldə etməklə birliyimizin, ölkəmizdəki əmin-amanlıq və sabitliyin, xalq-iqtidar vəhdətinin təməlinə çevrilmişdir.
Ulu Öndərin: “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı onun vətəndaş mövqeyini, milli köklərinə bağlılığını və azərbaycançılıq ideologiyasına sadiqliyini sübut edən tarixi bəyanatdır.
Qürurverici haldır ki, xalqımızın birliyi, ordumuzun rəşadəti və Ulu Öndərin layiqli siyasi varisi Prezident cənab İlham Əliyevin cəsarəti, qətiyyəti və iradəsi sayəsində 44 günlük Vətən müharibəsində dövlətimizin şanlı Zəfəri və 2023-cü ilin sentyabr ayının 19-20-də 24 saatdan da az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, müqəddəs ata vəsiyyəti və xalqımızın ən ülvi arzusu şərəflə yerinə yetirilmişdir. İşğaldan azad olunmuş ərazilər də daxil olmaqla üçrəngli Bayrağımızın Azərbaycanın hər bir nöqtəsində dalğalanması Ulu Öndərin əbədiyaşar ideyalarının təntənəsidir.
Vətən müharibəsində cəmi 44 gün ərzində inanılmaz dərəcədə böyük Qələbənin qazanılması dünya dövlətləri tərəfindən hərb tarixində misli görünməmiş bir hadisə təki öyrənildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə qısa bir müddətdə sürətlə və planlı şəkildə aparılan bərpa-quruculuq işləri də dünya təcrübəsində misli görünməmiş bir hadisə kimi qiymətləndirilir. Bu illər ərzində əldə olunan nəticələr bir daha göstərir ki, Heydər Əliyev ideyaları yalnız tarixi bir mərhələni deyil, müasir Azərbaycan dövlətçiliyinin bütün dayanıqlı inkişaf yolunu müəyyən edən əsas lokomotivdir. Prezident cənab İlham Əliyev bu xüsusda belə demişdir: “Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.
Biz daşkəsənlilər əminik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Ulu Öndərin həmişəyaşar ideyalarına söykənərək gündən-günə inkişaf edən, böyük hərbi gücə və iqtisadi potensiala malik demokratik bir ölkə olaraq öz müstəqilliyini və suverenliyini əbədi qoruyub saxlayacaq və dünya dövlətləri sırasında öncül yerlərdə qərarlaşacaqdır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bu şərəfli vəzifəni layiqincə yerinə yetirmək üçün hər birimizə uğurlar diləyirəm.
Orxan Abbasov
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı






