Ümummilli Lider Heydər Əliyevin anım günü Daşkəsən rayonunda qeyd edilib
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım günü münasibəti ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kollektivlər, şəhid valideynləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və sakinlər Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini gün ərzində ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla anıblar.
Eyni zamanda Daşkəsən rayon Heydər Əliyev Mərkəzinə baş çəkilib, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu foto-stendlərə baxış keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov anım günündə deyib: “Müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrini təşkil edir. O, Azərbaycan xalqını siyasi, iqtisadi, mədəni və mənəvi cəhətdən daha yüksəkliyə qaldırdı. Ulu Öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı müasir Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf edir. Respublikamızın sosial-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, insanların sabaha olan inamı, davamlı uğurlu nəticələr və qələbələr Ulu Öndərin ruhu qarşısında bir hesabatdır. Heydər Əliyev siyasəti yaşayır və daim qalib gəlir”.