Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Prokurorluğunun banisidir
Ümummilli Lider Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün böyük əmək sərf etmiş, xalqımızın və eyni zamanda öz adını əbədi olaraq tarixə yazmışdır. Ulu Öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın, sənayenin bütün sahələrinin inkişaf dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalmışdır. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq tarixinin ən dolğun səhifələrini təşkil edir. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülmüş, iqtisadi, sosial və mədəni potensialı formalaşmışdır.
1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Müstəqilliyin ilk illərində ölkəmizin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider Heydər Əliyevə idi.
Xalqımız 20 Yanvar faciəsini yaşayarkən Ümummilli Lider Moskvada Sovetlər Birliyi rəhbərliyini qətiyyətlə və cəsarətlə ifşa etmiş, imperiya siyasəti əleyhinə çıxaraq, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirmişdir.
Məhz belə mürəkkəb bir vəziyyətdə 1993-cü ilin yayında Ulu Öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi.
Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.
Demokratik-hüquqi dövlət quruculuğu prosesi də ölkədə tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı.
Azərbaycan prokurorluğunun inkişafı da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan prokurorluğunun sovet dövrü, təbii ki, ittifaq dövlətinin bu orqan üçün müəyyənləşdirdiyi fəaliyyət prinsipləri ilə səciyyələnir. Lakin sovet hakimiyyətinin 1970-80-ci illəri əhatə edən dövrü Azərbaycan prokurorluğu tarixinin şərəfli səhifələrindən birini təşkil edir. Həmin dövrdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyev cəmiyyətdə haqq və ədalətin qalib gəlməsi uğrunda apardığı əzmkar mübarizəyə prokurorluq orqanlarını fəal şəkildə cəlb etməklə yanaşı, bu orqanların kadr potensialının bilikli və istedadlı gənc hüquqşünaslarla möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı göstərmiş, gənclərin ali hüquqşünaslıq təhsili alması üçün əlverişli şərait yaratmışdı.
Azərbaycan prokurorluğunun dövlət müstəqilliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni – siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olmuşdur. Bütün hallarda bu orqanlardakı sağlam əqidəli, milli dövlətçiliyə sadiq vətənpərvər qüvvələr xalqımızın maraq və mənafelərini dönmədən qorumuş, ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cinayətkarlığa qarşı mübarizə işinə öz layiqli töhfələrini verə bilmişlər.
Heydər Əliyev çox gözəl bildirdi ki, hüquq sistemi zəif olan bir ölkədə nə azadlıq, nə iqtisadi inkişaf, nə də sabitlik mümküdür. Ona görə də, o, prokurorluğun funksiyalarını gücləndirməyə, bu orqanı əsl mənada qanunun keşiyində duran nüfuzlu bir quruma çevirməyə başladı.
Heydər Əliyev hesab edirdi ki, hüquqi dövlətin əsası ədalətə və qanunçuluğa söykənməlidir. Bu baxımdan prokurorluq orqanları yalnız cinayət təqibi həyata keçirən qurum deyil, həm də qanunçuluğun keşiyində dayanan mühüm dövlət institutudur.
Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, siyasi bitərəflik prinsipləri ilə fəaliyyət göstərməsi, beynəlxalq standartlara və milli maraqlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyev və onun müdrik siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olmuşdur.
Belə ki, Konstitusiyamızda prokurorluğun fəaliyyətinə dair 133-cü maddədə onun məhkəmə hakimiyyəti sistemində yeri müəyyənləşdirilərək, statusu, təşkili əsasları, fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri ilk dəfə müstəqil və qüsursuz təsbit edilmişdir. Bundan əlavə, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu və digər qanunvericilik aktları ilə prokurorluq sovetlər dönəminin məqsəd, vəzifə və funksiyalarından azad edilmiş, onun fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyən olunmuş, sistemi, təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənmişdir.
Sonrakı illərdə prokurorluğa etimad və inamın yüksəlməsinin nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiyaya qarşı mübarizə ilə bağlı cinayətlər üzrə ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.
Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində tədbirlərin davamı olaraq 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi kimi Prezident cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Bu Dövlət Proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasını, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsini, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasını, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasını, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasını təmin etmişdir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”.
Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin müasir dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” bu sahədə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyənləşdirmişdir.
Ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədi daşıyan Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində Azərbaycan Prokurorluğunun yaxından iştirakı təmin edilmişdir. Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində qanunamüvafiq tədbirlər görülür.
Ulu Öndər Heydər Əliyev Azərbaycan prokurorluğunu müasir hüquqi dövlətin ayrılmaz tərkib hissəsi kimi formalaşdırdı. Onun uzaqgörən siyasəti nəticəsində indi bu qurum respublikamızda yalnız hüququn icrası ilə məşğul olan texniki orqan deyil, hüquqi ədalətin təcəssümçüsünə çevrilmişdir.
Azərbaycan Prokurorluğu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasəti daim dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Çünki Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.
Bugünkü Azərbaycan Prokurorluğu öz fəaliyyətində Ulu Öndərin əsasını qoyduğu təməl prinsipləri yaşadır. Hər bir prokurorluq əməkdaşı öz işini icra edərkən Heydər Əliyev irsini, onun qanunçuluq fələsəfəsini özünün mənəvi bələdçisi bilir.
Azərbaycan Prokurorluğu bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və ideyalarına sədaqət nümayiş etdirərək, dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətini tam dəstəkləyərək, fəaliyyətlərini müstəqil dövlətçilik prinsipləri və milli maraqlar əsasında, müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurmaq istiqamətində səylərini daha da artıracaq, cinayətkarlığın bütün təzahürlərinə, qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması naminə var qüvvələri ilə çalışaraq respublikamızın inkişafına xidmət edəcəklər.
Şahin İmanov
Daşkəsən rayon prokuroru,
baş ədliyyə müşaviri