Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Prokurorluğunun təşəkkülü
Respublikamız 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Prokurorluğu da qanunun aliliyini özündə ehtiva edən milli dövlətçilik prinsiplərinə uyğun fəaliyyət göstərməyə başladı. Lakin müstəqilliyin bərpasının ilk illərində bunu tam mənası ilə həyata keçirmək mümkün olmadı. Çünki 1991–1993-cü illər ölkənin siyasi tarixinə dərin böhran, vətəndaş qarşıdurmaları, separatizm və müharibə məğlubiyyətləri dövrü kimi daxil oldu. Dövlətin mövcudluğu təhlükə altında idi: mərkəzi hakimiyyət zəifləmiş, orduda parçalanmalar baş vermiş, ölkə ərazisinin 20 faizi işğal olunmuşdu. Respublikamızın suverenliyini təhlükə altında qoyan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Belə bir şəraitdə 1993-cü il 9 iyunda xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev 15 iyunda Milli Məclisin sədri seçildi və 3 oktyabrda keçirilən prezident seçkisində Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin 3 oktyabrda Prezident seçilməsi xalqın dövlətçilik naminə etdiyi xilaskarlıq seçimi idi.
Heydər Əliyev prezident seçildikdən sonra qısa müddətdə sabitliyi təmin etməyə nail oldu. Onun ilk tədbirləri sırasında qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi, ordu quruculuğunun başlanması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və hüquqi dövlət quruculuğuna start verilməsi dayanırdı.
Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyanın qəbul edilməsi, orada hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, yeni idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının, o cümlədən prokurorluğun müasir dövrün tələblərinə uyğun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün oldu.
Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyəti zamanı tam formalaşa bilməyən, Sovetlər İttifaqının tərkibində ideoloji mənafelərə xidmət göstərən, müstəqilliyimizin bərpasının ilk illərində işini qanun çərçivəsində qura bilməyən Azərbaycan Respublikası Prokurorluğu yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra və onun hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində cəmiyyətdə öz layiqli yerini tutmağa nail oldu, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm dövlət təsisatlarından birinə çevrildi. Müasir Azərbaycan Prokurorluğu müstəqillik illərində həyata keçirilən dövlət quruculuğu siyasətinin nəticəsi olaraq bugünkü inkişaf səviyyəsinə çatmışdır.
Əslində bu dövr heç də asan, ağrısız və sabit keçməmişdir. Xalqın dəstəyini tam itirən və hakimiyyətlərindən məhrum olmaları ilə barışmaq istəməyən müxalif siyasi qüvvələr hər addımda ölkədə ictimai-siyasi sabitlik yaratmaq istəyən Prezident Heydər Əliyevə maneələr yaratmağa, erməni separatçı qüvvələri tərəfindən torpaqlarımızın zəbtinin qarşısının alınmasında Prezidentə dəstək olmaq əvəzinə, dağıdıcı fəaliyyət göstərərək ölkəni xaosa sürükləməyə cəhd edirdilər.
Belə bir dövrdə hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq Ulu Öndərin siyasi xəttinə sədaqət nümayiş etdirərək dövlətçiliyin qorunmasında prinsipial mövqe göstərmişdir. 1994-cü ilin oktyabrında “OMON” deyilən DİN-in bədnam xüsusi təyinatlı polis dəstəsi tərəfindən silahlı qiyam qaldırılanda prokurorluq orqanlarının əksər heyəti Ümummilli Liderin çağırışı ilə on minlərlə mülki əhali ilə birlikdə Prezident Aparatı qarşısında toplaşaraq qiyamın qarşısını almaqda qətiyyət nümayiş etdirdi.
Məhz həmin hadisələr zamanı adıçəkilən qiyamçı dəstənin bir qrupu Baş Prokurorluğun inzibati binasına da silahlı basqın edərək, binaya ziyan vurmuş, hətta sabiq baş prokuroru fiziki təzyiqə məruz qoymuşdu. Bilavasitə Ümummilli Lider Heydər Əliyevin qətiyyətli müdaxiləsilə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qiyamın qarşısı alınmış, aidiyyəti təqsirkar şəxslər məsuliyyətə cəlb olunmuş, prokurorluğun normal fəaliyyəti bərpa edilmişdi.
Hakimiyyətdə olduğu bütün dövrlərdə prokurorluğa böyük dəstək, yüksək diqqət və xüsusi qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyev deyirdi: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır...”
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə hazırlanan, ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunan müstəqil dövlətimizin Konstitusiyasında prokurorluğun fəaliyyətinə aid xüsusi bir maddə – 133-cü maddə daxil edildi. Bu maddə ilə məhkəmə hakimiyyəti sistemində prokurorluğun yeri müəyyənləşdirildi, onun təşkili və fəaliyyət prinsipləri, vəzifələri, səlahiyyətləri dürüstləşdirilərək prokurorluq orqanlarının fəaliyyətinə konstitusion status verildi.
Ümummilli Lider Heydər Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğı sonrakı illərdə də davam etdirildi. Məhz Ulu Öndər 1998-ci il 17 iyulda 1 oktyabrın Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunması haqqında sərəncam imzaladı. Elə həmin il Ümummilli Lider prokurorluğun yaradılmasının 80 illiyi tədbirində şəxsən iştirak etdi.
Bir müddət sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etdi. Beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası qanunlarının və digər hüquqi aktların qəbul olunması ilə prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi baza dövrün tələblərinə və beynəlxalq standartlara uyğun formalaşdırıldı.
Xüsusi vurğulanmalıdır ki, Ulu Öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi əhəmiyyətli məsələnin hüquqi əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər rəhbər tutularaq, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsi nəticəsində prokurorluğun kadr tərkibinin yüksək mənəvi keyfiyyətlərə və dərin biliyə malik, geniş dünyagörüşü olan, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq, bir sözlə, yüksək hazırlıqlı gənc hüquqşünaslardan formalaşdırılmasına və mütəmadi olaraq yenilənməsinə müyəssər olunmuşdur.
19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi prokurorluğun əhəmiyyətini daha da artırdı.
Beləliklə, ölkədə görülən nəhəng işlər çərçivəsində həyata keçirilən mütərəqqi islahatlar sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında struktur və mahiyyət baxımından tamamilə yenidən qurulmuş, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilmiş, fəaliyyəti, eləcə də vəzifələri və səlahiyyətləri beynəlxalq standartlara uyğun və müasir tələblərə cavab verən Azərbaycan Prokurorluğu formalaşdırıldı.
Azərbaycanı qısa zaman ərzində olduqca çətin vəziyyətdən yüksək peşəkarlıqla çıxarmış Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə prokurorluğun müasir dövlət təsisatına çevirilməsi istiqamətində görülən əhəmiyyətli işlərin nəticəsində prokurorluq demokratik orqan kimi tamamilə yenidən təşkil olunaraq, öz layiqli yerini tutdu və bununla da, dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında müasir çağırışlara uyğun genişmiqyaslı islahatlar həyata keçirilmiş, qanunun aliliyinin təmin olunması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Prokurorluğunun maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, yeni inzibati binalar istifadəyə verilmiş, əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul olunmuşdur. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, rəqəmsal idarəetmə mexanizmləri formalaşdırılmış, prokurorluq orqanlarının fəaliyyətində operativlik və səmərəlilik daha da artırılmışdır.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycan dövlətinin gücünü, xalq-iqtidar birliyini və milli həmrəyliyi bütün dünyaya nümayiş etdirmişdir. Müharibədən sonrakı dövrdə hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq işğaldan azad edilmiş ərazilərdə törədilmiş hərbi cinayətlərin araşdırılması, mina terrorunun nəticələrinin sənədləşdirilməsi, qanunçuluğun təmin edilməsi və hüquqi nəzarətin həyata keçirilməsində mühüm fəaliyyət göstərmişdir.
Bu gün Azərbaycan Prokurorluğu Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına və Prezident cənab İlham Əliyevin reallaşdırdığı müasir dövlət idarəçiliyi siyasətinə uyğun olaraq fəaliyyətini uğurla davam etdirir. Dövlətçiliyə sədaqət, qanunun aliliyinə xidmət, insan hüquq və azadlıqlarının müdafiəsi, cəmiyyətə vicdanla xidmət prinsipləri prokurorluq əməkdaşlarının fəaliyyətində əsas istiqamət olaraq qalır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğu bundan sonra da müasir çağırışlara uyğun inkişaf edəcəkdir. Prokurorluq orqanları dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması və vətəndaş hüquqlarının müdafiəsi istiqamətində üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqdır.
Şahin İmanov
Daşkəsən rayon prokuroru, baş ədliyyə müşaviri






