"Təmiz Xoşbulaq" layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirilib
İyulun 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və "Sonsuz Baxış" Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə "Təmiz Xoşbulaq" layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirilib. Aksiya zamanı Xoşbulaq kəndinin ictimai ərazilərində təmizlik işləri aparılıb, ətrafa atılmış məişət tullantıları toplanaraq ərazi tullantılardan təmizlənib.
Tədbirin məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, təmiz yaşayış mühitinin formalaşdırılmasına dəstək olmaq və vətəndaşlarda ekoloji məsuliyyət hissini daha da gücləndirmək olub.
Aksiya iştirakçıları sakinlər arasında ekoloji maarifləndirmə işi aparıb, ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması və təmizliyin qorunmasının əhəmiyyəti barədə məlumat verib, maarifləndirici bukletlər paylayıblar. Həmçinin sakinlərə məişət tullantılarının vaxtında daşınmasının təmin edilməsi üçün göstərilən xidmət haqqının ödənilməsinin vacibliyi izah olunub, bu vəsaitin tullantıların müntəzəm toplanması və daşınması sisteminin davamlı fəaliyyətində mühüm rol oynadığı diqqətə çatdırılıb.
"Təmiz Xoşbulaq" layihəsi çərçivəsində bu cür ekoloji aksiyaların davam etdirilməsi nəzərdə tutulur.






