Sentyabrın 15-i Bilik Günüdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Ölkəmizin inkişafında, dünya dövlətləri sırasında öz layiqli yerini tutmasında təhsilin müstəsna rolu var. Güclü dövlətin, savadlı və dünyagörüşlü cəmiyyətin, müasir və rəqabətqabiliyyətli ölkənin formalaşması ilk növbədə yüksək səviyyəli təhsildən keçir.
Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. Ulu Öndər təhsili xalqın və dövlətin gələcəyini müəyyən edən əsas amillərdən biri hesab edir, gənc nəslin savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinə böyük əhəmiyyət verirdi. Onun rəhbərliyi dövründə təhsil müəssisələrinin yaradılması, məktəblərin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində mühüm addımlar atılmışdır.
Ulu Öndərin təhsil siyasəti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla təchiz olunması, təhsil infrastrukturunun yenilənməsi, həmçinin dövlət başçısının müxtəlif bölgələrdə məktəblərin açılışında iştirak etməsi təhsilə göstərilən diqqətin bariz nümunəsidir. Prezident cənab İlham Əliyevin təhsil siyasətində əsas məqsədlərdən biri də müstəqil Azərbaycanın inkişafına cavab verən, müasir biliklərə yiyələnmiş, texnologiyalardan istifadə etməyi bacaran və ölkənin gələcəyində fəal rol oynayacaq gənc nəslin yetişdirilməsidir.
Azərbaycan təhsilinin inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr ölkənin müxtəlif bölgələrində minlərlə uşağın daha yaxşı təhsil şəraiti ilə təmin olunmasına imkan yaradıb. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” və digər layihələri çərçivəsində yeni məktəblər inşa edilib, mövcud təhsil müəssisələri yenidən qurulub, onların maddi-texniki bazası gücləndirilib. Mehriban xanım Əliyevanın təhsil sahəsinə diqqəti yalnız ümumtəhsil məktəbləri ilə məhdudlaşmır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil imkanlarının genişləndirilməsi də onun fəaliyyətində başlıca yerlərdən birini tutur.
Təhsilin inkişafına göstərilən davamlı dövlət qayğısı Daşkəsən rayonunda da özünü göstərir. Dağlar qoynunda yerləşən Daşkəsən zəngin tarixi, füsunkar təbiəti, saf havası, zəngin yeraltı sərvətləri və özünəməxsus şəhər mühiti ilə Azərbaycanın seçilən guşələrindən biridir. Bu qədim və gözəl rayonun məktəblərində yetişən uşaqlar bu tədris ilində də ölkəmizin gələcəyinə öz töhfələrini verməyə hazırlaşırlar.
Bu il sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərsin “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunması da xüsusi məna daşıyır. Məktəblərdə keçiriləcək ilk dərslər şagirdlərə doğma şəhərlərin və kəndlərin tarixini, memarlıq nümunələrini, tarixi abidələri və təbii sərvətləri qorumağın vacibliyini aşılamaq baxımından əlamətdar olacaq. Gənc nəslin yaşadığı əraziyə bağlılığı, onun tarixini və mədəni irsini öyrənməsi gələcəkdə bu dəyərlərin qorunmasının başlıca şərtidir.
Bu gün Daşkəsənin məktəblərində ilk zəngin səsi ilə yeni tədris ilinə qədəm qoyan şagirdlərin qarşısında böyük məqsədlər dayanır. Onlar yaxşı oxumalı, bilik əldə etməli, müasir dünyanın çağırışlarına hazır olmalı və ən əsası, Vətənə layiqli vətəndaş kimi yetişməlidirlər.
15 Sentyabr – Bilik Günü münasibətilə ölkəmizin bütün təhsil ictimaiyyətini, müəllimləri, tələbələri, şagirdləri və valideynləri səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yeni uğurlar və nailiyyətlər arzulayırıq!






