“Şahin” hərbi-idman oyununun Daşkəsən rayonu üzrə qalibi müəyyənləşib
Aprelin 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun və Daşkəsən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarına və hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad olunub.
Çıxış edənlər oyunlarda məktəblilərə uğurlar arzulayaraq bildiriblər ki, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi dövlətin daim diqqət mərkəzindədir. Daşkəsən rayonunda da hərbi-idman oyunlarının keyfiyyət və kütləviliyini artırmaq, keçirilməsi üçün şərait yaratmaq diqqət mərkəzində saxlanılır.
Sonra yarışın əsasnaməsinə uyğun komandaların yarışı keçirilib.
Rayon birinciliyində 5 tam orta ümumtəhsil məktəbinin komandası qüvvəsini sınayıb. Yarışın yekun nəticələrinə görə, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “şahin”ləri birinci, Bayan kənd M.Mustafayev adına tam orta və Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəblərinin “şahin”ləri isə ikinci və üçüncü yerlərə layiq görülüblər.
Rayon mərhələsinin qalibi olmuş Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası aprelin 23-də Gəncə şəhərində keçiriləcək zona birinciliyində rayonumuzu təmsil edəcəkdir.