Qərbi Azərbaycan İcmasının Daşkəsən rayonu üzrə nümayəndəliyinin icma üzvləri ilə növbəti görüşü keçirilib
Aprelin 14-də Daşkəsən şəhərində keçirilən görüşün məqsədi icma üzvləri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayonu üzrə nümayəndəsi Malik Ələsgərov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev və icma üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bildirib ki, ölkəmizdə həyata keçirilən siyasətin hədəflərindən biri də Qərbi Azərbaycana qayıdış ideyasının sistemli şəkildə təşviqidir. Bu baxımdan Qayıdış Konsepsiyası xüsusi əhəmiyyətə malikdir. Konsepsiya tarixi ədalətin bərpasına, soydaşlarımızın doğma yurdlarına sülh yolu ilə qayıdışının təmin olunmasına xidmət edir. Prezident cənab İlham Əliyev Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması, soydaşlarımızın hüquqlarının müdafiəsi və onların doğma torpaqlarına qayıdış hüququnun təmin olunması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Bu siyasi xəttin əsasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsi və uzaqgörən siyasəti dayanır. Məhz Ulu Öndərin formalaşdırdığı möhkəm təməl üzərində suveren Azərbaycan dövləti beynəlxalq aləmdə nüfuzunu artırır və milli birliyimizi daha da möhkəmləndirir.
İcmanın Daşkəsən rayonu üzrə nümayəndəsi Malik Ələsgərov və digər çıxışçılar Qərbi Azərbaycan həqiqətlərinin təbliğinin vacibliyini vurğulayaraq, rayonda bu sahədə görülən işlərdən danışıblar. Vurğulanıb ki, icma üzvlərinin birliyi və fəallığı milli maraqların qorunmasında xüsusi əhəmiyyət daşıyır.
Sonra Qərbi Azərbaycan xronikasını əks etdirən videomateriallar nümayiş etdirilib.
Görüş müzakirələrlə davam edib və sonda icmaya yeni qoşulan üzvlərə üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.






