Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin icma üzvləri ilə görüşləri davam edir

07 oktyabr 2026 | 17:35

Oktyabrın 7-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin icma üzvləri ilə növbəti görüş keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vüqar Məmmədov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin sədri Malik Ələsgərov, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və icma üzvləri iştirak ediblər.

Görüş Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, soydaşlarımızın öz doğma yurdlarına qayıdış hüququnun təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyi qeyd olunub. Qərbi Azərbaycan İcmasının 26 yanvar 2023-cü ildə qəbul etdiyi Qayıdış Konsepsiyasının bu baxımdan mühüm əhəmiyyət daşıdığı bildirilib. Konsepsiyanın əsas məqsədinin indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına təhlükəsiz, sülh yolu ilə və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi olduğu diqqətə çatdırılıb. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi torpaqları, doğma yurdları, yaşayış məskənləri və milli-mədəni irsi haqqında məlumatların toplanması, qorunması və gələcək nəsillərə çatdırılması sahəsində görülən işlərə nəzər salınıb.

İcma üzvləri də öz fikir və təkliflərini bölüşərək qarşıda duran vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməyə hər zaman hazır olduqlarını bildiriblər.

Həmçinin görüş iştirakçıları Qərbi Azərbaycan həqiqətlərini, soydaşlarımızın tarixi taleyini və doğma yurdlarına qayıdış arzularını əks etdirən sənədli filmə baxıb, Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgi ilə də tanış olublar.

Sonda Qərbi Azərbaycan İcmasının sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri və döş nişanları təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Keçidlər