Qərbi Azərbaycan İcmasının Daşkəsən nümayəndəliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quşçu kəndində yığıncaq keçirib
Mayın 8-də Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quşçu kəndində təşkil olunan tədbirdə Qərbi Azərbaycan İcmasının rayon nümayəndəliyinin sədri Duman Abbasov, Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, RİH-nin məsul əməkdaşı Elmar Əliyev, eləcə də İcma üzvləri iştirak ediblər.
Yığıncaq Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, müstəqil dövlətçiliyimizin qorunması və inkişafı yolunda həyata keçridiyi misilsiz işlərdən danışılıb. Qeyd olunub ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən bütün sahələr üzrə uğurla davam etdirilir.
Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının gördüyü işlərə də diqqət yetirilib. Ulu Öndərin milli kimlik və soy-kök məsələlərinə göstərdiyi həssas münasibətin hər zaman öz aktuallığını qoruduğu vurğulanıb. Bildirilib ki, İcma soydaşlarımızın hüquqlarının beynəlxalq hüquq normaları çərçivəsində təmin olunması, onların tarixi doğma yurdlarına dinc yolla qayıtması üçün “Qayıdış Konsepsiyası”nın hazırlanması, Ermənistanın etnik təmizləmə siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində sistemli fəaliyyət göstərir. Bu istiqamətdə maarifləndirici tədbirlər, konfranslar, ictimai müzakirələr təşkil olunur, tarixi sənədlər toplanır, siyasi və diplomatik təşəbbüslər irəli sürülür, beynəlxalq qurumlara müraciətlər hazırlanır, insan hüquqlarının pozulması ilə bağlı hesabatlar tərtib olunur, eyni zamanda tariximizin, mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün mühüm layihələr reallaşdırılır.
Həmçinin deyilib ki, Daşkəsən rayonunun Quşçu kəndində kompakt şəkildə yaşayan Qərbi azərbaycanlılar tarixi yaddaşlarını qorumaqla yanaşı, İcmanın həyatında fəal iştirak edirlər. Onlar Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, milli həmrəyliyin və dövlətçiliyimizin möhkəmləndirilməsinə dəstək göstərirlər.
Tədbir Qərbi Azərbaycan xronikasını əks etdirən videomaterialların nümayişi ilə yekunlaşıb.