Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür
Bu əlamətdar gün müəllim əməyinin, təhsilin və cəmiyyətin inkişafında müəllimlərin rolunun diqqətə çatdırılması məqsədilə qeyd olunur. 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən xüsusi hökumətlərarası konfransda “Müəllimlərin statusu haqqında” tövsiyə qəbul edilib. Sənəd müəllimlərin hüquq və vəzifələrini, onların ilkin hazırlığı və ixtisasartırmasını, işə qəbulunu, əmək və tədris şəraitini müəyyənləşdirən beynəlxalq çərçivə sənədidir.
Müstəqil Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.
Müəllimlik cəmiyyətin formalaşmasında mühüm rol oynayan peşələrdən biridir. Müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü və layiqli vətəndaşlar yetişir. Müxtəlif sahələrdə çalışan alimlərin, həkimlərin, mühəndislərin, hüquqşünasların, dövlət və ictimai xadimlərin peşəkar mütəxəssislər kimi formalaşmasında müəllimlərin əməyi danılmazdır.
Müasir dövrdə müəllimin qarşısında yalnız bilik vermək deyil, həm də dəyişən dünyada şagirdlərin yeni bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq vəzifəsi dayanır.
Ümummilli Lider Heydər Əliyev müəllim əməyini daim yüksək qiymətləndirib, müəllimlərə hörmət və ehtiramla yanaşıb. O, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsil işçilərinin sosial vəziyyətinin və rifahının yaxşılaşdırılmasına diqqət yetirib. Ulu Öndərin müəllim peşəsinə verdiyi yüksək qiymət Azərbaycanda müəllimə münasibətin formalaşmasında mühüm yer tutur.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri, tədris infrastrukturunun yenilənməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davamlı həyata keçirilir.
Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” və digər layihələri çərçivəsində müxtəlif təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və təchizatı ilə bağlı irimiqyaslı işlər görülüb.
Altıncı ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Artıq müəllimlərimiz Qarabağ və Şərqi Zəngəzurda yerləşən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisə başlayıblar. İşğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin fəaliyyətinin bərpası və yeni təhsil infrastrukturunun yaradılması da davam edir. Bununla yanaşı, üçüncü ildir, ali təhsil pilləsi üzrə Qarabağ Universiteti fəaliyyətini uğurla davam etdirir.
Xatırladaq ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim iştirak edərək Vətən qarşısında öz borclarını yerinə yetiriblər. Onlardan 20 təhsil işçisi müqəddəs şəhidlik zirvəsinə ucalıb. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhidlərimizin hər biri müxtəlif dərəcəli medal və ordenlərlə təltif edilib.
Bu gün Azərbaycan müəllimi ənənəvi tədris və tərbiyə funksiyaları ilə yanaşı, rəqəmsal texnologiyalardan istifadə, yeni təlim metodlarının tətbiqi, şagirdlərin XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və dəyişən təhsil mühitinə uyğunlaşması kimi yeni vəzifələri də həyata keçirir.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərini və bütün təhsil işçilərini ürəkdən təbrik edir, onlara şərəfli fəaliyyətlərində möhkəm cansağlığı, davamlı uğurlar və yeni nailiyyətlər arzulayırıq!






