Noyabrın 1-i Kənd Təsərrüfatı İşçiləri Günüdür
İqtisadiyyatımızın inkişafında kənd təsərrüfatının əhəmiyyətini nəzərə alan və kənd təsərrüfatı işçilərinin əməyini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə hər il noyabrın 1-i ölkəmizdə kənd təsərrüfatı işçiləri günü kimi qeyd olunur.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Bütün bunların nəticəsində son illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı çoxalıb, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib.
Son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb, qeyri-neft-qaz sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi, Qarabağın və Şərqi Zəngəzurun ölkənin kənd təsərrüfatına reinteqrasiyası aqrar sahənin inkişafında mühüm rol oynayacaqdır. Qısa müddət ərzində bu regionlar üzrə əkin dövriyyəsinə cəlb edilməsi proqnozlaşdırılan sahələrin az qala yarısında indi təsərrüfat işləri aparılır və bu işlərin görülməsi üçün tələb olunan texnika və digər istehsal vasitələri ilə təminat yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda, ölkədə kənd yerlərində infrastrukturun müasir çağırışlara uyğun inkişafı tədbirləri çərçivəsində “ağıllı kənd” layihələrinin icrasına başlanılmışdır.
Daşkəsən rayonu da son illərdə kənd təsərrüfatı sahəsində davamlı uğurlar əldə etmişdir. Rayonun zəhmətkeş fermerləri, təsərrüfat sahibləri və kənd təsərrüfatı işçiləri daim böyük əzmlə çalışaraq istehsalın həcmini artırmış, məhsuldarlığı yüksəltmiş və müasir texnologiyaların tətbiqinə öncüllük etmişlər. Onların əməyinin nəticəsində Daşkəsənin kənd təsərrüfatı məhsulları həm keyfiyyət, həm də rəqabət qabiliyyəti baxımından yüksək səviyyəyə çatmışdır.
Rayon ərazisində heyvandarlıq, arıçılıq, kartofçuluq, tərəvəzçilik və digər aqrar sahələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramı aqrar sahədə istehsalın artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kənd yerlərində məşğulluğun genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından yeni imkanlar yaradır. Dövlət Proqramından irəli gələn vəzifələr Daşkəsən rayonu üçün də prioritetlər müəyyən edir. Belə ki, rayonun təbii-coğrafi və iqlim xüsusiyyətləri nəzərə alınmaqla, xüsusilə heyvandarlığın, arıçılığın və kartofçuluğun inkişaf etdirilməsi, damazlıq işinin təkmilləşdirilməsi, yem bazasının gücləndirilməsi, daxili su hövzələrində balıqçılıq və akvakultura fəaliyyətinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Ölkəmizin iqtisadi inkişafına, kənd təsərrüfatının tərəqqisinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfələr verən bütün kənd təsərrüfatı işçilərini peşə bayramları günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, yeni-yeni nailiyyətlər və bol məhsuldarlıq arzulayırıq!






