Novruz şənliklərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır
Yazın gəlişini və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı ərəfəsində bayram tədbirlərinin keçirilməsi, eləcə də bayram atributlarından istifadə ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması xüsusi əhəmiyyət kəsb edir. Ötən illərin yanğın statistikasının təhlili göstərir ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir, nəticədə vətəndaşlarımıza maddi və mənəvi ziyan dəyir. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.
- İnsanlar tonqalların üzərindən atılarkən özlərini yanğından qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əylənən və şənliklərində azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdır.
- Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanan şamı öz ərintisi ilə stolun, kibrit qutusunun və digər əşyaların üzərinə yapışdırmaq olmaz.
- Tonqallar ətrafında olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, ot tayalarından, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır.
- Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, külək nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər.
- Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticəsində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərini və ya həyətyanı sahələrə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.
- Bayram tədbirləri zamanı müəssisə və təşkilatların, təhsil ocaqlarının, xüsusən də internat tipli və digər məktəblərin rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.
- Novruz şənliyi keçiriləcək obyektlərdə yanğın təhlükəsizliyi tədbirlərinə, eyni zamanda ikinci ehtiyat çıxış yolunun sərbəst və saz vəziyyətdə saxlanılması diqqətdə saxlanılmalıdır.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin
Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi






