Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Narkotiklə mübarizə cəmiyyətin birgə məsuliyyətidir

27 yanvar 2026 | 09:05

Müasir dövrdə cəmiyyətin təhlükəsizliyi və sağlam inkişafının qarşısında duran ən ciddi problemlərdən biri də narkotik vasitələrin qanunsuz dövriyyəsi və onlardan istifadənin artmasıdır. Narkotiklər yalnız fərdi sağlamlığa deyil, ailə institutuna, sosial münasibətlərə, ümumilikdə dövlətin və cəmiyyətin gələcəyinə ciddi zərbə vuran təhlükəli bir bəladır.

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri insan sağlamlığının qorunması və əhalinin rifahının yüksəldilməsidir. Prezident cənab İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti, sistemli, ardıcıl yanaşmaya əsaslanan məqsədyönlü qərarları, eləcə də sosial-iqtisadi və hüquqi sahələrdə həyata keçirdiyi islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin etmiş, Azərbaycanı regionun aparıcı və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Dövlətimizin çoxşaxəli siyasətində insan amili, xüsusilə sağlam həyat tərzinin təşviqi, sosial təhlükəsizliyin təmin olunması mühüm yer tutur.

Bu gün milli maraqların qorunması əsas götürülməklə dövrün çağırışlarına adekvat cavab verən ölkəmiz narkotiklərlə mübarizə sahəsində beynəlxalq təşəbbüslərdə iştirakını daha intensiv və səmərəli şəkildə davam etdirir, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə istiqamətində institusional və əməli tədbirlərin həyata keçirilməsini təmin edir. Görülmüş tədbirlərin davamlığının və sistemliyinin təmin olunması məqsədilə Prezident cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq olunub. Dövlət Proqramının Tədbirlər Planında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlərin gücləndirilməsi, narkomaniya xəstəliyi ilə əlaqədar tibb müəssisəsinin fəaliyyətinin təmin edilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, həkim-narkoloq və klinik (tibbi) psixoloqların sayının artırılması, narkotik asılılıqdan əziyyət çəkən şəxslərin müalicə prosesində tətbiqi üçün psixoloji dəstək proqramlarının hazırlanması, beynəlxalq təcrübədən istifadə etməklə, əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədilə seminar və interaktiv təlimlərin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət Proqramında narkotiklərlə mübarizə sahəsində müşahidə olunan qlobal trendlər və onların ölkənin mövcud potensialına mümkün təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət hərtərəfli təhlil edilmiş və uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmışdır. Eyni zamanda hədəf göstəriciləri, prioritet istiqamətlər müəyyən edilmiş, icra müddətləri göstərilməklə tədbirlər planı, əsas və digər icraçı qurumlar, gözlənilən nəticələr, icra mexanizmləri təsbit olunmuşdur. Sənəddə nəzərdə tutulan vəzifələrin icrası Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz daşınmasının qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlərin gücləndirilməsinə, narkomanlığın maarifləndirmə yolu ilə qarşısının alınmasına, narkoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, habelə beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər çərçivəsində effektiv əməkdaşlığın təmin olunmasına və qaçaqmalçılıq risklərinin azaldılmasına töhfəsini verməkdədir.

Normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi prosesinin səmərəli təşkili məqsədilə külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə müvafiq komissiyalar yaradılmış, az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv olunması ilə bağlı rayon (şəhər) komissiyaları yenidən formalaşdırılmışdır.

Bununla yanaşı, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutularaq, peşə və vəzifələr üzrə əmək münasibətlərinin tənzimlənməsi üçün əmək müqaviləsi bağlanılarkən narkoloji mərkəzlərdə və ya dispanserlərdə qeydiyyatda olma vəziyyətini təsdiq edən arayışın tələb edilməsi, habelə bu tələblərin pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi barədə qanun və fərman layihələri hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.

Həmçinin vətəndaşların narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin "ASAN xidmət" mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi, bu xəstəliyə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz yollarla respublikaya gətirilməsinin qarşısının alınması üçün gömrük-sərhəd keçid məntəqələrinə nəzarət, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqələr və əməliyyat-axtarış fəaliyyəti gücləndirilmiş, sərhəd keçid məntəqələrindən kənar marşrutların müəyyən edilməsi, göstərilən sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, bu növ cinayətlərlə məşğul olan şəxslərin və mütəşəkkil cinayətkar dəstələrin müəyyən olunaraq istintaqa cəlb edilmələri istiqamətində təşkilati və praktik tədbirlərin səmərəliliyi daha da artırılmışdır.

Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, vətəndaşların sağlamlığının, cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin qorunması həmişə dövlətin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifələrinin tərkib hissələrindən biridir.

Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq kimi cəmiyyətə dağıdıcı təsir göstərən bir problemin həlli üçün həm cəmiyyətin, həm də dövlətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətini bir cəbhədə birləşdirir, narkomanlığa qarşı kompleks mübarizə aparılması təmin edir. Gənclər arasında müxtəlif miqyaslarda və müxtəlif tədbirlərdə sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında istər elmi, istərsə də həyati faktlar əsasında geniş söhbətlər, müzakirələr, disputlar təşkil edilməsi yeniyetmə və gənclərin əsl vətəndaş kimi formalaşmasında son dərəcə mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, iqtisadi vəziyyətindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir".

Narkomaniya indi təkcə tibbi problem deyil, yayılma arealına və səviyyəsinə görə böyük sosial problemdir. Buna görə də, ona qarşı mübarizə sosial həyatın bütün tərəflərini əhatə etməlidir. Bu mübarizədə xüsusilə valideynlərin, müəllimlərin, media nümayəndələrinin və hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.

Beləliklə, narkotiklə mübarizə ümummilli məsələdir və bu təhlükəyə qarşı yalnız birgə səylər nəticəsində uğur qazanmaq mümkündür. Çünki sağlam cəmiyyət sağlam gələcək deməkdir. Bu gələcəyin qorunması isə hər birimizin borcudur.

 

Məhəmmədəli Hüseynli

Daşkəsən rayon prokurorunun böyük köməkçisi,

II dərəcəli hüquqşünas

Keçidlər