Martın 8-i Beynəlxalq Qadınlar Günüdür
8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da böyük ehtiram və sevgi ilə qeyd olunur. Bu əlamətdar gün qadınlara göstərilən diqqət və hörmətin, onların cəmiyyətdəki əvəzsiz rolunun bir daha vurğulandığı xüsusi bir tarixdir.
Qadın həyatın nuru, ailənin dayağı, cəmiyyətin mənəvi sütunudur. Zərifliyi və mərhəməti ilə yanaşı, gücü və qətiyyəti ilə seçilən Azərbaycan qadını tarix boyu milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin yaşadılmasında mühüm rol oynamışdır. Tariximizin bir çox şərəfli səhifələri məhz qadınlarımızın adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti nəticəsində qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”.
Bu siyasət hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların dövlət idarəçiliyində, parlamentdə və digər strukturlarda təmsilçiliyi ildən-ilə artır. Bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər qazanırlar. Onların fəaliyyəti dövlətimizin və cəmiyyətimizin tərəqqisinə böyük töhfələr verir.
Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Azərbaycan qadını hər zaman vətənpərvər, mərd və iradəli övladlar yetişdirmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə mənəvi dayaq olmuşdur.
Hörmətli xanımlar, Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və gələcək işlərinizdə uğurlar arzulayırıq!






