Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Martın 5-i Bədən Tərbiyəsi və İdman Günüdür

05 mart 2026 | 10:05

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Xalqımızın sağlamlığının qorunması və möhkəmlənməsində, gənclərimizin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq Prezident cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli 654 nömrəli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır. İdmançılarımız beynəlxalq arenalarda böyük uğurlar qazanır və ölkəmizin idman şöhrətini yüksəldir.

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident cənab İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilmişdir. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılmışdır. Bütün bunlar ölkəmizi beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün əlverişli məkana çevirmişdir. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilmişdir. Həmin idman mərkəzləri uğurla fəaliyyət göstərir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini vermişdir.

İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda hər il beynəlxalq və yerli turnirlər keçirilir. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyir.

İlin ən mühüm hadisələrindən biri də Bakının Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçilməsidir. Heç şübhəsiz ki, hər il olduğu kimi, 2026-cı ildə də bütün dünyanın idman nəbzi Bakıda döyünəcək.

Xüsusilə vurğulanmalıdır ki, daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amalla - üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yollanmışlar. 44 günlük Vətən müharibəsində 988 nəfər idmançı döyüşlərdə iştirak etmişdir. Onlardan 320 nəfər şəhidlik zirvəsinə ucalmışdır. 2020-ci ildə pandemiya səbəbindən beynəlxalq yarışlarda iştirak edə bilməyən Azərbaycan idmançıları Zəfər salnaməsini bu dəfə öz canları və qanları ilə Vətən müharibəsinin döyüş meydanlarında yazmışlar. Beynəlxalq arenalarda yüksək qələbələr qazanaraq, Azərbaycanın bayrağını ucaldan, dövlət himnimizin səsləndirilməsinə nail olan atletlərimiz bu əbədi Zəfər yolunun layiqli davamçıları olduqlarını sübut etmişlər.

Bu gün sevindirici məqamlardan biri də ondan ibarətdir ki, azad olunmuş torpaqlarda da mötəbər idman tədbirləri təşkil olunur.

Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident cənab İham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində əldə olunmuşdur. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan – sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

İdman yalnız fiziki güc deyil. İdman sağlamlığın, iradənin, əzmkarlığın və qələbəyə inamın rəmzidir. Bu sahəyə töhfə verən hər kəs – peşəkar və həvəskar idmançılar, məşqçilər, hakimlər və idman təşkilatçıları – cəmiyyətimiz üçün dəyərli insanlardır.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları, məşqçiləri, idmansevərləri və sağlam həyat tərzini dəstəkləyən hər kəsi səmimi-qəlbdən təbrik edir, bu yolda onlara möhkəm cansağlığı və yeni-yeni qələbələr arzulayırıq!

Keçidlər