Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Martın 12-si Azərbaycan Respublikasının Daxili Qoşunları Günüdür

12 mart 2026 | 10:17

Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasından 34 il ötür.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında Azərbaycanın Daxili Qoşunlarının yaradılmasına başlanıb.

 Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin dövrünə təsadüf edib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq və Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyənləşdirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə –  Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.

1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı 297 nömrəli Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Azərbaycan Respublikasının Daxili Qoşunları Günü elan olunub.

Ulu Öndər Heydər Əliyev Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə daim diqqət yetirib. Qoşunların formalaşmasında da Ümummilli Liderimizin misilsiz tarixi xidmətləri olub.

Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib. Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malikdir.

2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır. O cümlədən Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib.

Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Son illərdə Daxili Qoşunlar üçün müxtəlif təyinatlı onlarla obyekt, hərbi şəhərcik, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib.

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində şanlı Zəfərin qazanılmasında mühüm rol oynayıblar. İkinci Qarabağ müharibəsinin ilk günlərindən doğma torpaqlarımızı işğaldan azad etmək üçün ən ağır döyüşlərdə iştirak edən Daxili Qoşunların hərbçiləri misilsiz qəhrəmanlıq nümunələri göstəriblər. Vətən müharibəsində Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucalıb, 346 nəfəri yaralanıb, 4 əməkdaşı ən yüksək fəxri ada – Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və silahlanmış separatçılara ağır zərbələr vurulub. Uğurla həyata keçirilən əməliyyat nəticəsində bölgədə erməni separatizminə son qoyulub, ölkəmizin suverenliyi tam bərpa edilib. Antiterror tədbirlərində igidlik göstərən Daxili Qoşunların şəxsi heyətindən 12 nəfəri şəhid olub, 24 nəfəri yaralanıb.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqımızın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olmaqla yanaşı, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib.

12 Mart – Azərbaycan Respublikasının Daxili Qoşunları Günü münasibətilə Daxili Qoşunların bütün şəxsi heyətini səmimi-qəlbdən təbrik edirik, ölkəmizin təhlükəsizliyinin təmin olunması, daxili sabitliyin qorunması və qanunun aliliyinin müdafiəsi yolunda məsul və şərəfli xidmətlərində uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq!

Keçidlər