Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

İyulun 22-si Milli Mətbuat Günüdür

22 iyul 2026 | 07:07

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. Milli Mətbuat Günü ölkəmizdə jurnalistikanın inkişafı və söz azadlığının təntənəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

1875-ci il 22 iyul tarixində Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını üzərinə götürən “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdır. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq etmişlər. Lakin “Əkinçi”nin ömrü uzun sürməmişdir. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlamış və sonda qəzetin nəşrini dayandırmışdır.

"Əkinçi"dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi ümummilli məqsədlərin gerçəkləşməsinə xidmət göstərmişdir.

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Ötən dövr ərzində müstəqil siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı ilə bağlı olduqca gərəkli tədbirlər həyata keçirilmişdir. 1998-ci ildə senzuranın tamamilə ləğvi, söz və məlumat azadlığının təmin olunması bu sahədə atılmış mühüm addımlardan biridir. Mətbuat Fondu, KİV-in  İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycanın Əməkdar jurnalisti fəxri adının təsis edilməsi, jurnalistlər üçün 2 yaşayış binasının tikilib istifadəyə verilməsi, Azərbaycanın Mətbuat Şurasının yaradılması və s. Azərbaycanda mətbuatın inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mətbuatına ehtiramını belə ifadə etmişdir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən  Azərbaycanda mətbuat qərəzsiz fəaliyyət göstərməlidir. İnsanları məlumatlarla tam şəkildə təmin  etməlidir. Hesab edirəm ki, biz bunu  Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm“.

Prezident cənab İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media  sahəsində islahatların dərinləşdirilməsi  haqqında“ Fərmanı ilə  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmışdır. Bu Agentlik  ölkəmizdə medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin dəstəklənməsi ilə bağlı müxtəlif tədbirlər reallaşdırır. 

Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən "Media haqqında" Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Azərbaycan milli mətbuatı 151 illik şanlı inkişaf yolu keçərək bu gün cəmiyyətin güclü tribunasına çevrilmişdir. Bu inkişafın önəmli mərhələlərindən biri Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə milli mətbuatın yubileyinin dövlət səviyyəsində qeyd olunmasıdır. Bununla əlaqədar “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı da təsis edilmişdir. 

Azərbaycan mediasının inkişaf tarixində mühüm hadisələrdən biri də Şuşada keçirilən Qlobal Media Forumlarıdır. Bu beynəlxalq platforma müasir medianın qarşısında duran çağırışların müzakirəsi, qlobal informasiya mübadiləsinin genişləndirilməsi və media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İlk dəfə 2022-ci ildə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib.

2023-cü il iyulun 21-23-də Şuşa şəhərində keçirilən I Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusuna həsr olunmuşdur. Forumda dünyanın müxtəlif ölkələrindən media nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmiş, rəqəmsallaşmanın media sahəsinə təsiri, yeni informasiya texnologiyaları və müasir jurnalistikanın inkişaf istiqamətləri müzakirə edilmişdir.

2024-cü ildə keçirilən II Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr edilmişdir. Forum çərçivəsində saxta xəbərlərlə mübarizə, informasiya təhlükəsizliyi, media savadlılığı və qlobal informasiya məkanında etibarlı mənbələrin rolu ilə bağlı aktual məsələlər diqqət mərkəzində olmuşdur.

2025-ci il iyulun 19-22-də keçirilən III Şuşa Qlobal Media Forumu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuşdur. Forumda süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya, sosial medianın imkanları, informasiya təhlükəsizliyi və media dayanıqlılığı kimi məsələlər geniş müzakirə edilmişdir.

2026-cı il iyulun 13-14-də Şuşa şəhərində IV Şuşa Qlobal Media Forumu keçirilmişdir. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum müasir informasiya mühitində medianın rolunun, sülh quruculuğuna töhfəsinin, dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq media əməkdaşlığının müzakirə edildiyi mühüm platformaya çevrilmişdir.

İndi jurnalistika təkcə informasiya yaymaqla kifayətlənmir. O həm də araşdırır, maarifləndirir, ictimai fikri yönəldir və dövlət-vətəndaş münasibətlərində vasitəçilik edir. Peşəkar və obyektiv media cəmiyyətin inkişafı və demokratiyanın möhkəmlənməsi üçün mühüm amildir.

22 iyul – Milli Mətbuat Günü yalnız bir tarixi xatırlatma deyil. Bu gün jurnalistikanın keçdiyi yolu qiymətləndirmək, söz azadlığını qorumaq və jurnalistlərin əməyini dəyərləndirmək üçün fürsətdir. Həmçinin bu gün gənc jurnalistlər üçün bir ruhlandırma mənbəyi, peşəkar medianın önəmini vurğulamaq üçün bir çağırışdır.

Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sahəsində çalışan işçiləri ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Keçidlər