Hərbi xidmətə çağırış və azadolma məsələlərinin qanunvericilik əsasları
Azərbaycan Respublikasında hərbi xidmət dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin təmin olunmasının əsas elementlərindən biridir. Bu sahədə münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası və “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli Qanunla tənzimlənir.
Qanunvericiliyə əsasən, kişi cinsindən olan Azərbaycan Respublikası vətəndaşları 18 yaşdan etibarən müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Çağırış prosesi qanunçuluq, bərabərlik və şəffaflıq prinsipləri əsasında həyata keçirilir. Vətəndaşların hərbi xidmətə yararlılığı müvafiq tibbi komissiyalar tərəfindən müəyyən edilir.
Hərbi xidmətdən azadolma halları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunmuşdur. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilən şəxslər müvafiq hərbi-həkim komissiyasının rəyinə əsasən, xidmətdən azad edilirlər. Bundan başqa, qanunda nəzərdə tutulmuş xüsusi ailə və sosial hallar da azadolma üçün əsas yarada bilər.
Möhlət hüququ isə əsasən təhsil alan şəxslərə, müvəqqəti sağlamlıq problemi olanlara və qanunvericilikdə göstərilən digər hallara şamil olunur. Ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alan vətəndaşlara təhsil müddəti ərzində möhlət verilməsi qanunla təmin edilir.
Hərbi xidmətə yararsızlığın tibbi meyarları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativ aktlarla müəyyən edilir. Tibbi qiymətləndirmə zamanı vətəndaşın fiziki və psixi sağlamlıq vəziyyəti hərtərəfli araşdırılır və qərar obyektiv tibbi göstəricilərə əsaslanır.
Qeyd edilməlidir ki, çağırış, möhlət və ya azadolma ilə bağlı qəbul edilmiş qərarlardan narazı qalan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və məhkəmə instansiyalarına müraciət etmək hüququna malikdirlər. Prokurorluq orqanları tərəfindən bu sahədə qanunçuluğun təmin olunması və vətəndaş müraciətlərinə operativ baxılması daim diqqət mərkəzində saxlanılır.
Hərbi xidmət sahəsində qanunvericiliyin tələblərinə riayət olunması həm dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, həm də vətəndaş hüquq və azadlıqlarının qorunmasına xidmət edir.
Məhəmmədəli Hüseynli
Daşkəsən rayon prokurorunun böyük köməkçisi,
II dərəcəli hüquqşünas






