Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Fevralın 2-si Azərbaycan Gəncləri Günüdür

02 fevral 2026 | 09:47

Hər il fevralın 2-də ölkəmizdə Azərbaycan Respublikası Gəncləri Günü təntənə ilə qeyd edilir. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla təsis edilən bu günün qeyd edilməsi təkcə gəncliyin inkişafına diqqət çəkmək üçün deyil, eyni zamanda, gələcək nəsillərə dövlətin göstərdiyi qayğını ifadə etmək məqsədi daşıyır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətin vətəndaşları Azərbaycan Gəncləri Gününü xüsusi ruh yüksəkliyi ilə qeyd edirlər. Gəncliyin inkişafına dövlət səviyyəsində göstərilən qayğı ölkəmizin gələcəyinə yatırılan ən dəyərli sərmayədir. Gənclər təkcə ölkədaxili uğurlarla deyil, beynəlxalq miqyasda da Azərbaycan dövlətinin maraqlarını layiqincə təmsil edir və qoruyurlar.

Ölkəmizdə dövlət gənclər siyasəti xalqımızın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradılıb, Azərbaycan Gənclərinin Birinci Forumu təşkil edilib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu gənclərin vətənpərvərlik və milli dəyərlərə sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi irəli sürüb. Onun strateji baxışları nəticəsində gənclərin ölkənin hərtərəfli inkişafında fəal iştirakı üçün möhkəm baza yaradılıb. Həmin dövrdə ictimai-siyasi həyatda gənclərin fəal iştirakı, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli və gənclər təşkilatlarının inkişafı sahəsində irəliyə doğru uğurlu addımlar atılıb.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev gəncləri ölkəmizin gələcəyi və inkişafı üçün əsas strateji resurs hesab edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, onların təhsildə, mədəniyyətdə, idmanda və ictimai fəaliyyətlərdə uğur qazanmasına yönəlmişdir. Ölkə gənclərinin fiziki və mənəvi sağlamlığı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və tərəqqisi üçün yaradılan şərait və imkanlar dövlət başçısının bu sahəyə böyük qayğısına əyani sübutdur. Prezident cənab İlham Əliyevin gənclər siyasətinə olan diqqəti özünü ayrıca bir ilin – 2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan edilməsində də göstərmişdir. 

2020-ci ilin payızında xalqımızın Böyük Zəfəri ilə başa çatan Vətən müharibəsi gənclərin Vətənə bağlılıq və fədakarlıq ruhunun parlaq nümunəsinə çevrilib. 44 gün davam edən haqq savaşı günlərində gənclər həm ön, həm də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstəriblər. Həmin günlərdə onların nümayiş etdirdiyi birlik, igidlik və rəşadət hər zaman xatırlanacaq.

İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi prosesində də gənclərin rolu əvəzedilməzdir. Onlar ölkəmizdə həyata keçirilən böyük quruculuq və abadlıq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında fəal iştirak edirlər. Eyni zamanda, gənclər bölgələrdə sosial, iqtisadi və ekoloji layihələrin həyata keçirilməsində də fəallıq göstərirlər. Həmin tədbirlər gənclərin liderlik qabiliyyətlərini inkişaf etdirməyə imkan verir. Həmçinin gənclərin dövlətə və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə şərait yaradır.

2012-ci ildən başlayaraq hər il Azərbaycanın müxtəlif şəhər və rayonlarından birinin Gənclər Paytaxtı elan edilməsi ənənə halını alıb və həmin təşəbbüs bölgələrdə gənclər hərəkatının inkişafında əhəmiyyətli rol oynayır. 

Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün ölkəmizdə geniş şərait yaradılıb. Onlar dövlətin etimadını doğruldaraq ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edir, öz bilik və bacarıqları ilə dövlətimizin strateji məqsədlərinə xidmət edirlər. Gənclik – sabah, gənclik – gələcək deməkdir və onların yaxından iştirakı ilə gündən-günə çiçəklənən ölkəmizin gələcəyi daha böyük perspektivlər vəd edir.

Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının aşkar edilməsi istiqamətində reallaşdırılan çoxsaylı layihələr də təqdirəlayiqdir. 

Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə məsuliyyətini dərk edir, Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.

Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq olan və möhtərəm Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Daşkəsən gəncləri də ölkəmizin gənclər siyasətinin fəal iştirakçılarıdır. Onlar milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, təhsilə, mədəniyyətə, idmana və innovasiyalara maraq göstərən bir qüvvə olaraq rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm yer tuturlar. Gənclərimiz həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarıqlarını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliği yolunda mühüm addımlar atırlar. 

Hörmətli Gənclər!

Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayırıq.

 

Keçidlər