Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

14 fevral 2026 | 12:25

Ölkəmizin təhlükəsizliyi və suverenliyi üçün Silahlı Qüvvələrin bütün qolları əhəmiyyətli rol oynayır. Azərbaycan Hərbi Hava Qüvvələri də Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.

1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Onu da qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

İndi ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən HHQ və HHMQ Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir. Son iyirmi ildə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.

Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib.

Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər. HHQ-də kifayət qədər peşəkar zabit kadrlarının olması kadr potensialının parlaq inkişafından xəbər verir. Gənc zabitlərin digər ölkələrdə təşkil olunmuş beynəlxalq təlim və kurslarda iştirakı, hərbi akademiyalarda təhsil almaları onların peşəkarlığının gündən-günə artmasına şərait yaradır.

Qardaş Türkiyə Respublikası ilə HHQ-nin təlimləri Azərbaycan hərbi pilotlarının NATO standartlarının öyrənilməsinə, onların döyüş hazırlıqlarının artırılmasına və ikitərəfli münasibətlərin daha da yaxınlaşmasına səbəb olub. Odur ki, mütəmadi olaraq Azərbaycanda “TurAz Qartalı” birgə taktiki-uçuş təlimləri keçirilir.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirilib. 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu paradda Prezident, Ali Baş Komandan cənab  İlham Əliyev deyib: “Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri paradda tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi olub. Ardınca İkinci Qarabağ müharibəsində Zəfərin əldə edilməsində çox mühüm rol oynayan “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar-BP”, “Heron”, eləcə də ən müasir “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş olunub.

Həmin paradda Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə “Mİ-35” hücum helikopterləri qrupunun uçuşu olub. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları maraqla qarşılanıb. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycanın Dövlət Bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.

Vətən müharibəsində Zəfərin başlanğıcı olan Aprel döyüşlərində Hərbi Hava Qüvvələri düşmənə uğurlu zərbələr endirib. Döyüşdə Mi-24 helikopterinin üç pilotu – Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.

Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Vətən müharibəsinin ilk günlərində HHQ və HHMQ-nin birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. “Bayraktar”, “Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini anında məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Bundan başqa, onlardan iki nəfəri eyni mükafata ölümündən sonra layiq görülüb. Həmin müharibədə Dövlət Sərhəd Xidmətinin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıb.

Möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində islahatlar həyata keçirilərək, yüksək pilotaja malik pilotlar yetişdirilib. Bu gün dövlətimizin başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. HHQ-nin şəxsi heyəti Vətən müharibəsində olduğu kimi, bundan sonra da Müzəffər Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır. Xalqımız əmindir ki, bu gün ən müasir silah sistemləri və hərbi texnikalarımızla Azərbaycanın hava məkanı düşmənin istifadəsindəki istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunur və bundan sonra da qorunacaqdır.

14 fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi və veteranları təbrik edir, onlara möhkəm cansağlığı, ruh yüksəkliyi, yeni uğurlar, daim açıq səma arzulayırıq!

Keçidlər