Erkən nikahın qanunvericilikdə qadağan edilməsi: Hüquqi və sosial tələblər
Müasir cəmiyyətin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, eləcə də sağlam ailə institutunun formalaşdırılması baxımından erkən nikahların qarşısının alınması mühüm əhəmiyyət daşıyır. Azərbaycanda erkən nikah yalnız sosial problem deyil, qanunvericiliklə qadağan edilmiş hüquq pozuntusudur. Dövlət bu istiqamətdə hüquqi və institusional tədbirlər həyata keçirərək, yetkinlik yaşına çatmayanların mənafelərinin müdafiəsini təmin edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı kişilər və qadınlar üçün 18 yaş müəyyən edilmişdir. Bu yaş həddinə çatmadan nikaha daxil olmaq qanunla yolverilməzdir. Nikahın bağlanmasının əsas şərtlərindən biri tərəflərin könüllü razılığı və müəyyən edilmiş nikah yaşına çatmasıdır. Belə yanaşma şəxsin fiziki, psixoloji və sosial baxımdan ailə qurmağa hazır olmasını təmin etməyə yönəlmişdir.
Erkən nikahların qadağan edilməsinin əsas məqsədi uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunmasıdır. Yetkinlik yaşına çatmamış şəxslərin ailə qurmağa məcbur edilməsi onların təhsil almaq, sərbəst inkişaf etmək, peşə seçmək və sağlam həyat sürmək hüquqlarını məhdudlaşdırır. Təcrübə göstərir ki, erkən nikahlar xüsusilə qızların təhsildən yayınmasına, iqtisadi asılılığın artmasına və məişət zorakılığı riskinin yüksəlməsinə səbəb olur.
Qanunvericilik erkən nikahın yalnız bağlanmasını deyil, onun təşkilini və təşviqini də məsuliyyətə səbəb olan əməl kimi nəzərdə tutur. Yetkinlik yaşına çatmayan şəxslərin erkən evləndirilməsinə şərait yaradan, bu cür mərasimləri təşkil edən və ya dini nikah həyata keçirən şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bu yanaşma problemin yalnız nəticələri ilə deyil, onun yaranma səbəbləri ilə də mübarizə aparılmasına xidmət edir.
Erkən nikahlarla mübarizədə hüquqi mexanizmlərlə yanaşı, maarifləndirmə də mühüm rol oynayır. Cəmiyyətin bu məsələyə münasibətinin dəyişməsi, ailələrin və gənclərin erkən nikahın mənfi nəticələri barədə məlumatlandırılması hüquqi tədbirlərin effektivliyini artırır. Çünki yalnız qanuni qadağa deyil, ictimai şüurun formalaşdırılması da problemin köklü həllinə imkan verir.
Nəticə etibarilə, erkən nikahın qanunvericilikdə qadağan edilməsi uşaqların hüquqlarının müdafiəsi, sağlam ailə münasibətlərinin formalaşdırılması və cəmiyyətin davamlı inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması hər bir vətəndaşın və cəmiyyətin ümumi məsuliyyətidir.
Məhəmmədəli Hüseynli
Daşkəsən rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas






