“Ən yaxşı təqdimat” müsabiqəsinə qoşulacaq Daşkəsən məktəblilərinə ustad dərsləri təşkil olunub
Elm və Təhsil Nazirliyi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsi məqsədilə respublikanın ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verib. Müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə keçirilir. Məktəblilər arasında böyük maraq doğuran və hər il daha çox iştirakçı cəlb edən “Ən yaxşı təqdimat” müsabiqəsində Daşkəsən rayon məktəbliləri də həmişə olduğu kimi fəal iştirak edəcəklər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə müsabiqəyə hazırlıq çərçivəsində məktəblilərin natiqlik və təqdimat bacarıqlarını inkişaf etdirmək üçün xüsusi ustad dərsləri təşkil olunub. Peşəkar təlimçilər – Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinin direktoru Elşən Tağıyevin və Samirə Məmmədəliyevanın keçdiyi dərslərdə şagirdlərə auditoriya qarşısında sərbəst danışmaq, təqdimatın məzmununu düzgün qurma, inandırıcı çıxış texnikaları, dinləyicilərin diqqətini cəlb etmə metodları, təqdimat zamanı müvafiq jest və mimikalardan istifadə qaydaları öyrədilib. Bundan əlavə, məktəblilər praktik məşğələlərdə öz çıxışlarını sınaqdan keçirərək təlimçilərdən fərdi tövsiyələr alıblar.
Daşkəsən məktəblilərinin “Ən yaxşı təqdimat” müsabiqəsindəki uğurları onların gələcəkdə peşəkar həyatda daha inamlı və müvəffəqiyyətli olmalarına töhfə verəcəkdir.