Dəstəfur kəndində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunan kitab və əl işlərindən ibarət sərgi keçirilib
Mayın 27-də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Tədbirlər Planına əsasən Daşkəsən rayon Dəstəfur kənd 1 nömrəli kitabxanasında “28 May – Müstəqillik Günü” adlı kitab sərgisi təşkil olunub.
Açıq havada keçirilən sərgidə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Dəstəfur kənd 1 nömrəli kitabxanasının əməkdaşları, kənd sakinləri, məktəblilər və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərginin açılışında çıxış edənlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Prezident cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixdə Sərəncam imzaladığını xatırladıb, müstəqillik və suverenlik tariximizlə daha yaxından tanış olunması baxımından bu cür sərgilərinin əhəmiyyətindən danışıblar. Həmçinin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmləndirilməsi siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Sərgidə Ulu Öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolunu, çoxşaxəli fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən kitablar, habelə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti və bu dövrə aid müxtəlif nəşrlər, sənədlər, eləcə də yerli sakinlərin və məktəblilərin hazırladığı əl işləri nümayiş etdirilib. Əl işləri arasında milli atributlarla bəzədilmiş tikmələr, rəsmlər, dekorativ tətbiqi sənət nümunələri xüsusilə diqqət çəkib.
Sonda sərgi iştirakçıları və ziyarətçilərə Müstəqillik Günü münasibətilə təbriklər çatdırılıb, ölkəmizin daim azad, güclü və firavan olması arzulanıb.