Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Dekabrın 29-u “ASAN xidmət” işçilərinin peşə bayramı günüdür

29 dekabr 2025 | 10:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.  

"ASAN xidmət" mərkəzlərinin yaradılması dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.  

Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub.

“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.  

Hazırda ölkə ərazisində 28 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Lənkəran, Naxçıvan və Şuşadadır.  

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.  Hazırda Bakı şəhərində 3 "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir.

ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) əsas məqsədi dövlət təşkilatlarında, "ASAN xidmət"in özündə, eyni zamanda özəl sektor və tədqiqat inşaat mərkəzləri, elmi laboratoriyalar, alimlər üçün bir əlaqələndirici, uzlaşma rolunu oynayan platforma yaratmaqdır.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.  

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir.  

Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 40 mindən çox könüllü qoşulub. Təşkilat könüllülər üçün təlimlər, müxtəlif layihələr, yay məktəbləri təşkil edir.

Milli brendimiz olan ASAN intellektual məhsul kimi həm də ixrac olunur. Dövlət Agentliyi 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Həmin çərçivədə İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də ICESCO, UCLG Afrika və İslam İnkişaf Bankı (IsDB) ilə imzalanmış Anlaşma Memorandumlarını qeyd etmək olar. Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub.  

Cari ilin iyun ayının 2-dən 25-dək həftənin 5 iş günü saat 10:00-dan 17:00-dək Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda olan digər dövlət qurumlarının yaxından köməkliyi ilə Səyyar “ASAN xidmət” avtobusu Daşkəsən rayonunda vətəndaşlara xidmət göstərib. Bu müddət ərzində notariat fəaliyyəti üzrə 146, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə 57, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə 220, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üzrə 33, sürücülük vəsiqələrinin dəyişdirilməsi üzrə 20, əmək pensiyalarının təyin edilməsi üzrə 13, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı üzrə 117, tibb xidmət (qan qrupu, boy və göz rənginin təyini üçün) üzrə 36 olmaqla, ümumilikdə 642 müraciət daxil olub. Bütün müraciətlərə aidiyyəti üzrə baxılıb. Sakinlər “ASAN xidmət”in fəaliyyətindən razı qalıblar.

Peşə bayramı günü münasibətilə “ASAN xidmət” işçilərini ürəkdən təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Keçidlər