Daşkəsənli Vətən müharibəsi şəhidləri Vahid Aliyev və Elvin Quliyevin xatirəsi anılıb
Oktyabrın 2-də Vətən müharibəsi şəhidləri gizir Alıyev Vahid Abbas oğlunun və əsgər Quliyev Elvin Amil oğlunun Daşkəsən Şəhidlər Xiyabanında anım günləri qeyd olunub.
Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, yaxınları, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Zəfərdən, antiterror əməliyyatından, habelə şəhid Vahid Alıyevin və şəhid Elvin Quliyevin şərəfli həyat və döyüş yolundan söz açıb, şəhidlərin ailə üzvlərinə rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi Alıyev Vahid Abbas oğlu 1989-cu il fevralın 18-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri Vahid Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, şəxsi igidlik və şücaət nümayiş etdirib. Vahid Alıyev 2020-ci il oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Vahid Alıyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və hərbi xidmətdə xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəli idi. İki oğlu yadigar qalıb.
Vətən müharibəsi şəhidi Quliyev Elvin Amil oğlu 1999-cu il aprelin 24-də Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri Elvin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb, şəxsi igidlik və şücaət nümayiş etdirib. 2020-ci il oktyabrın 1-də Füzuli döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra Elvin Quliyev "Vətən uğrunda" və “Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif edilib. Subay idi.






