Daşkəsənli Vətən müharibəsi şəhidləri Möhlət Abbasovun və Novruz İsmayılovun şəhadətlərinin altıncı ildönümü qeyd olunub
Noyabrın 8-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri əsgər Abbasov Möhlət Eldəniz oğlunun və gizir İsmayılov Novruz Nurəddin oğlunun xatirələri ehtiramla anılıb.
Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə veteranları, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov şəhidlərin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib. Orxan Abbasov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan xalqının tarixi Zəfər qazanmasında şəhidlərimizin misilsiz qəhrəmanlığından, göstərdikləri şücaət və fədakarlıqdan danışıb. Bildirib ki, Möhlət Abbasov və Novruz İsmayılov kimi igid oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların Vətən uğrunda canlarından keçərək yazdıqları qəhrəmanlıq salnaməsi gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






