Daşkəsənli Vətən müharibəsi şəhidləri Eşqin Bağırovun anım və Orxan Şıxıyevin doğum günləri qeyd edilib
Sentyabrın 29-da Vətən müharibəsi şəhidləri kiçik çavuş Bağırov Eşqin Rafiq oğlunun şəhadətinin 5-ci ildönümü Daşkəsən rayon Xoşbulaq kəndində və əsgər Şıxıyev Orxan Raqif oğlunun 36-cı doğum günü Daşkəsən Şəhidlər Xiyabanında məzarları başında qeyd olunub.
Anım mərasimlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, şəhid valideynləri, qazilər, sakinlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub, məzarlarına gül dəstələri düzülüb, xatirələri anılıb.
İcra başçısı Orxan Abbasov şəhidlərin ailələrinə bir daha dərin hüznlə başsağlığı verib, şəhidlərin şərəfli həyatından və döyüş yolundan söz açıb.
Şəhidlərin valideynləri ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Daşkəsənin ilk Vətən müharibəsi şəhidi Eşqin Bağırov 1991-ci il aprelin 1-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Eşqin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eşqin Bağırov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra Eşqin Bağırov "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli idi, 2 qız övladı yadigar qalıb.
Şəhid Orxan Şıxıyev 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şıxıyev 2020-ci il noyabrın 2-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra Orxan Şıxıyev "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi.






