Daşkəsənli Vətən müharibəsi şəhidləri Əhmədxan Əhmədovun, Vidadi İsrəfilovun və Həsən Abdullayevin şəhadətlərinin beşinci ildönümləri qeyd olunub
Noyabrın 12-də Göygöl rayonunun Murovdağ qəsəbəsindəki qəbiristanlıqda əsgər Əhmədov Əhmədxan Məzahir oğlunun, Gəncə Şəhidlər Xiyabanında daşkəsənli əsgər İsrafilov Vidadi Vaqif oğlunun və əsgər Abdullayev Həsən Qərib oğlunun anım günləri qeyd olunub.
Şəhidlərin ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov çıxış edərək şəhidlərin ailə üzvlərinə Daşkəsən rayon ictimaiyyətinin başsağlığını çatdırıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi tarixi qələbədən, habelə ildönümü qeyd olunan şəhidlərin həyatından, keçdikləri şərəfli döyüş yolundan söz açıb.
Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Əhmədov Əhmədxan Məzahir oğlu 1999-cu il fevralın 1-də Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Əhmədxan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə yüksəlib. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il noyabrın 12-də Göygöl rayonunun Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Əhmədov Əhmədxan ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Xocavəndin azad olunmasına görə", “Şuşanını azad olunmasına görə” medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Subay idi.
İsrəfilov Vidadi Vaqif oğlu 1987-ci il iyunun 8-də Daşkəsən rayonunun Gurbulaq kəndində anadan olub. Riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Azərbaycan Ordusunun əsgəri olan Vidadi İsrəfilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Döyüş yolu Füzuli, Cəbrayıl və Şuşadan keçib. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə yüksəlib. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il noyabrın 12-də Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Vidadi İsrəfilov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanını azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. 1 oğlu, 1 qızı yadigar qalıb.
Abdullayev Həsən Qərib oğlu 1994-cü il iyunun 21-də Daşkəsən şəhərində anadan olub. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən müddətli həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edib. 2020-ci il sentyabrın 8-dən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi fəaliyyətə başlayıb, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Kəlbəcərin və Şuşanın azadlığı uğrunda savaşıb. 2020-ci noyabrın 6-da Şuşa şəhərinin Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il noyabrın 12-də Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Həsən Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanını azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.






